İngiltərənin baş tibb işçisi, professor Kris Uitti illik hesabatında bildirib ki, şəhərlərdəki ləzzətli, ancaq zərərli qidaların reklamı uşaqları "daha qısa və qeyri-sağlam" ömür yaşamağa vadar edir.
Uittinin araşdırması hökuməti və yerli siyasətçiləri İngiltərə şəhərlərində qeyri-sağlam qidalanmanın əsas səbəbləri ilə mübarizə aparmağa çağırır. Buna yağ, şəkər və duzla zəngin qidaların çoxalması və hər kaloriyə görə sağlam qidanın qeyri-sağlam qidadan demək olar ki, iki dəfə baha olması daha çox yoxsul ailələrə təsir göstərir.
Hesabatda deyilir ki, şəhərdaxili ərazilərdəki uşaqların və ailələrin yerli mağazalarda, restoranlarda sağlam, münasib qiymətə qida seçimlərinə çıxışı daha azdır və “qeyri-mütənasib” şəkildə qeyri-sağlam qida reklamlarına məruz qalırlar.
İngiltərə və Uelsdəki beş açıq reklam lövhəsindən dördü daha kasıb ərazilərdədir və bunların çoxu ləzzətli qidaların reklamıdır. Yoxsul bölgələr tez-tez açıq və ya onlayn olaraq fəstfud satış yerləri ilə doyurulur.
Tədqiqatda vurğulanan araşdırma göstərir ki, Birləşmiş Krallıqda fəaliyyət göstərən 10 ən böyük qlobal qida və içki biznesindən yeddisi üçün qablaşdırılmış qida və içki satışlarının üçdə ikisindən çoxu yağ, şəkər və ya tərkibində yüksək duz olan məhsullardan gəlir.
Hesabatda deyilir ki, insanlar, xüsusən də aztəminatlı ailələr çox vaxt qeyri-sağlam qida seçimləri ilə üzləşirlər.
Bu o deməkdir ki, qida ilə bağlı xəstəlik bütün ölkədə uşaqlar, ailələr və icmalar tərəfindən bərabər şəkildə yaşanmır, daha çox məhrum ərazilərdə yaşayan uşaqlar və ailələr qeyri-sağlam seçimlərin ən çox mövcud olduğu qida sistemindən kəskin şəkildə təsirlənir.
Hesabatda göstərilir ki, əhalinin ən çox məhrum olan beşinci hissəsi hökumətin tövsiyə etdiyi sağlam pəhriz xərclərini ödəmək üçün birdəfəlik gəlirlərinin 50%-ni qidaya xərcləməlidir.
Orada qeyd olunur: "Şəhərlərin bəzi yerlərində qida mühiti sağlamlıqdakı bərabərsizliyi gücləndirir və piylənməni təşviq edir”
"Kalori ilə zəngin, işlənmiş qidalar müasir pəhrizlərimizin əksər hissəsini təşkil edir. Əslində, biz şəkər yetişdirilməsinə (110.000 hektar) demək olar ki, bütün qalan bitkilərin yetişdirilməsinə sərf etdiyimiz qədər torpaq ayırırıq”, -deyə Uitti vurğulayıb.
“İnsanlar genetik olaraq kalorili qidaya can atmağa meyillidirlər. Buna görə də iştahımızı cilovlamaq və ictimaiyyət üçün ən böyük təhlükələrdən bəzilərini təşkil edən pəhrizlə əlaqəli bir çox xəstəliklərin qarşısını almaq üçün yalnız təhsilə və iradəyə arxalana biləcəyimizi düşünmək ağılsızlıqdır", -o bildirib.
Hesabatdakı digər mövzulara-insanların avtomobillərə daha az etibar edə bilməsi üçün şəhərlərdə “aktiv səyahətin” təşviq edilməsi, havanın çirklənməsi ilə mübarizə və səhiyyənin sakinlərə daha yaxşı xidmət göstərməsi üçün necə uyğunlaşmalı olması daxildir.
Nubar Süleymanova, “İki sahil”