Yeni araşdırmalar göstərir ki, insanlar iki böyük qocalma “partlayışı” yaşayır: biri 40 yaşlarının əvvəllərində, biri isə 60 yaşlarının ortalarında.
Bu dramatik dəyişikliklər insan orqanizmində yaşayan molekullarda və mikroorqanizmlərdə müşahidə olunur.
Yaşlanma qaçılmaz olsa da, müəyyən həyat tərzi faktorları prosesi yavaşlatmağa kömək edə bilər.
Orta yaş daha çox ağarmış saçalar, mümkün çəki artımı, potensial olaraq orta yaş böhranı və yeni araşdırmaya görə, insanlarda molekulyar səviyyədə iki dramatik dəyişikliklə qeyd olunan dövrdür.
İddia insanların tədricən qocalması ideyasına qarşı çıxan “Nature Aging” jurnalında avqust ayında dərc olunan bir araşdırmadan irəli gəlir. Bununla yanaşı, araşdırma göstərir ki, bədənimizdəki bir çox molekul və mikroorqanizmlər 44 və 60 yaşlarında əhəmiyyətli dərəcədə artır və ya azalır - nəticədə qocalma “pikləri” yaradır.
Genetika professoru və Stenford Universitetinin Genomika və Fərdiləşdirilmiş Tibb Mərkəzinin direktoru, tədqiqatın baş müəllifi Maykl Snayder qeyd edib ki, əksər insanlar qocalmağın tədricən, davamlı və xətti olaraq baş verdiyini düşünür.
“Əslində biz zamanla tədricən dəyişmirik; bəzi həqiqətən dramatik olan dəyişikliklər var", -deyə Snayder bildirib. “Məlum olub ki, 40 yaşların ortaları, 60 yaşların əvvəlləri kimi dramatik dəyişikliklər dövrüdür. Hansı molekul sinfinə baxmağınızdan asılı olmayaraq bu, doğrudur”, -mütəxəssis qeyd edib.
Bu molekulyar dəyişikliklər sağlamlığımız üçün əhəmiyyətsiz deyil - onlar ürək-damar xəstəlikləri, dəri və əzələ sağlamlığı, immun tənzimlənməsi, böyrək funksiyası və digər əlaqəli molekullarda görülüb.
Yaşlandıqca, yaşa bağlı xəstəliklər - xərçəng, Alzheimer xəstəliyi, ürək-damar xəstəlikləri riski artır. Ancaq bu, məsələn, Alzheimer xəstəliyi və ürək-damar xəstəlikləri riskinin ahıl yaşda kəskin şəkildə artdığını qeyd edən tədqiqatçıların fikrincə, həmişə tədricən baş vermir.
Stenford Universiteti və Sinqapurdakı Nanyanq Texnologiya Universitetinin tədqiqatçıları xüsusən də insan orqanizmindəki molekulyar və mikrob dəyişikliklərini təhlil edərkən 25-75 yaş arası 108 iştirakçının məlumatlarından istifadə ediblər. Həmin iştirakçılar bir neçə il ərzində bir neçə aydan bir qan və digər bioloji nümunələrlə (nəcis nümunələri, ağız və burun çubuqları) müayinə olunublar. Həmin nümunələrdən tədqiqatçılar iştirakçıların bədənlərində 135 mindən çox müxtəlif molekul və mikroblarda yaşa bağlı dəyişiklikləri izləyə biliblər.
Təhlillər göstərib ki, molekulların və mikrobların əksəriyyəti iki dövr ərzində çoxalıb və böyük dəyişikliklərə məruz qalıb: insanların 40 və 60 yaşlarında. 60 yaşlı insanların bədənlərindəki kütləvi dəyişikliklər tədqiqatçılar üçün tamamilə təəccüblü olmayıb. Snayder qeyd edib ki, bir çox yaşa bağlı xəstəliklər və hadisələr həyatın bu nöqtəsində artır. Ancaq 40 yaşlı insanlarda, xüsusən də kişilərdə baş verən dəyişikliklər mütəxəssisləri təəccübləndirib.
Bu molekulyar dəyişikliklərin qocalmaya necə təsir etdiyini bilmək hələ tez olsa da, tədqiqatçılar hansı molekulların hansı bədən funksiyaları, sistemləri və ya xəstəlikləri ilə əlaqəli olduğunu müəyyən edə biliblər.
40 yaşlarda həddindən artıq dəyişikliyə məruz qalan molekullar spirt, kofein və lipid metabolizması, həmçinin ürək-damar xəstəlikləri, dəri və əzələ sağlamlığı ilə əlaqəli olub.
60 yaşlarda isə bir insanın molekulyar dəyişiklikləri karbohidrat və kofein mübadiləsi, immunitetin tənzimlənməsi, böyrək funksiyası, ürək-damar xəstəlikləri, dəri və əzələ sağlamlığı ilə əlaqəli olub.
Mütəxəssislərin fikrincə, bu dəyişikliklər kofein və spirti metabolizə etmək qabiliyyətinin azalması kimi özünü göstərə bilər ki, bu da həmin maddələri azaltmağın məqbul olduğunu göstərir.
Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzinin xərçəng biologiyası professoru Ronald DePinho bildirib ki, qocalmanın qaçınılmaz olmasına baxmayaraq, ekspertlər menopoz və qocalma ilə əlaqəli bəzi dəyişiklikləri idarə etmək və ya yavaşlatmaq yollarının olduğunu söyləyirlər.
“Bunun ən asan yolu həyat tərzini dəyişməkdən keçir. Aktiv qalmaq, yaxşı yemək və yatmaq, stressi idarə etmək, siqaretdən və həddindən artıq spirtdən qaçmaq lazımdır”, -deyə DePinho bildirib.
Nubar Süleymanova, “İki sahil”