19 fevral 2025 23:10
482

Erməni saxtakarlığının həddi-hüdüdu yoxdur

Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası yeni hədəfə yol açdı. Dövlətimizin başçısı İlham Əliyev 2022-ci ilin dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var ki, onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da tarixi, dini abidələrimizi yerlə - yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti,  tarix elmləri namizədi  Boran Əziz “İki sahil” qəzetinə müsahibəsində də tariximizin ayrı-ayrı mərhələlərindən geniş bəhs etdi.

- Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin miqyası nə qədərdir? Bu irsin qorunması ilə bağlı hansı əsas problemlər mövcuddur?

- Azərbaycan adının mənası və bugünki mövcudiyyətimiz haqqında danışarkən çox önəmli bir məsələni vurğulamaq istərdim. Azərbaycan tarixini öyrənərkən çox vacibdir ki, bizim dəyərli oxucularımız bilsinlər ki, biz heç vaxt Azərbaycanın qədim və orta əsrlərdəki ərazilərini, hazırda digər dövlətlərin tərkibində olan torpaqları geri tələb etmirik. Bu gün Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün qəbul edilmiş bütün dövlətlərin ərazisini biz tanıyırıq. Lakin buna baxmayaraq bizim xalqımız tarix boyu məxsus olduğu torpaqların gerçəkliyini heç zaman yaddan çıxarmamalıdır. Məhz bu səbəbdən biz dünya ictimaiyyətinə daim bildiririk ki, biz bəlkə də dünyada yeganə xalqıq ki, şimal, cənub, şərq və qərbdən tarixən özümüzə məxsus olan torpaqlarımızla əhatə olunmuşuq. Bu torpaqlardan biri də Qərbi Azərbaycandır. Gənc nəsil bilməlidir ki, Ermənistan adlı dövlətin yaranması əsasən çar Rusiyasının XIX əsrdə Qafqazda apardığı köçürmə siyasəti ilə bağlıdır. 1828-ci ildə çar Rusiyasının qərarı ilə əvvəlcə Çuxursəəd bəylərbəyliyi, sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində ruslar tərəfindən erməni vilayəti, sonra isə erməni quberniyası qurulub və nəticədə bugünkü Ermənistan dövləti yaradılıb. Buna görə də Qərbi Azərbaycan və bu torpaqlarda yerləşən abidələr bizim tarixi-mədəni irsimizi sübut edir. Bu abidələrin tədqiqi də bu tarixi gerçəkliyi bir daha təsdiqləyir.

- Boran müəllim, Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsinin erməni mədəni irsi kimi təqdim edilməsi, ümumilikdə, erməni cəmiyyətində bu və ya digər formada Azərbaycanofob münasibətin formalaşması barədə nə deyərdiniz?

- Tarixən çox qədim dövrlərdə yadelli qüvvələr torpaqları işğal edərkən bu siyasəti üç əsas istiqamətdə - siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirirdilər. İlk növbədə dil, din, məktəb və tarix sahələrində yerli xalqların mədəniyyətini və irsini məhv etmək məqsədini güdürdülər. Bu, əsasən, həmin ərazilərin qədim əhalisinin maddi mədəniyyət abidələrinin yer üzündən silinməsi ilə həyata keçirilirdi. Çünki bu abidələr yerli əhalinin buraya gəlmə olmadığı və işğalçı olmadığı gerçəyini üzə çıxarırdı. Bu səbəbdən də mədəni irsin məhv edilməsi yerli xalqın tarixini, kimliyini və tarixi torpaqlara olan haqqını inkar etməyə xidmət edirdi. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində dövlətçilik tarixi eradan əvvəlki ikinci minilliklərə gedib çıxır. Bu müddət ərzində torpaqlarımız təxminən 20 dəfə müxtəlif dövlətlər tərəfindən işğal edilib. Lakin heç bir işğalçı qüvvənin hərəkətləri ermənilərin etdiyi qədər qəddar olmayıb. Hətta alman faşistləri beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq qınanılıb və faşizm təhlükəsi dünya miqyasında təkzibedilməz olaraq qəbul edilib. Ancaq tam məsuliyyətlə deyə bilərik ki, erməni faşizmi alman faşizmindən daha təhlükəlidir. Çünki almanlar işğal etdikdən sonra yerli əhalinin maddi mədəniyyət abidələrini və yeraltı, yerüstü zənginliklərini istifadə edirdilər. Ermənilər isə əksinə əvvəlcə yerli əhalini məhv edir, sonra isə onların maddi mədəniyyət abidələrini dağıdaraq silirdilər. Erməni faşizminin miqyası və forması çox zaman diqqətdən kənarda qalır.

Məsələn, 1964-cü ildən başlayaraq erməni alimi Ayvazyan bütün dünyaya səs salmışdı ki, guya yer üzündə ən qədim əlifba ermənilərə məxsusdur. Vaxtilə Azərbaycanın Zeyvə kəndi yaxınlığında qayaüstü yazılar tapılıb, orada tapılan qədim yazılarla bağlı böyük bir saxtakarlıq olub. Ayvazyan həmin yazıların da erməni yazısı olaraq təqdim etməyə çalışıb və bununla bağlı dünya miqyasında səs salıb. Hətta pul sikkələri və qəbir daşları üzərindəki yazıların erməni yazısı olduğu iddia olunub. Bu məsələyə dair keçmiş SSRİ-nin mərkəzi mətbuatında, o cümlədən "Komsomolskaya pravda" və “İzvestiya” qəzetlərində məqalələr dərc olunub. Lakin SSRİ Elmlər Akademiyasının tanınmış alimləri, o cümlədən akademik Piatrovski bu iddiaların saxta olduğunu sübuta yetirdilər. O, bu yazıların əslində Azərbaycan Atabəylər dövlətinə aid olduğunu və həmin dövrə aid olan pul sikkələrinin və qəbirüstü abidələrin heç bir şəkildə ermənilərə məxsus olmadığını bildirdi. Hətta həmin yazılar tərcümə edildikdə orada Məhəmməd, Həsən, Əli və Qasım xan kimi adlar yer alırdı. Bu yazıların tərcüməsini saxtalaşdıraraq ermənilər guya yeni bir erməni əlifbası mətni kimi tərcümə ediblər. Bu məsələnin maraqlı tərəfi isə odur ki, ermənilər həmin yazıların tərcüməsini həm də yanlış şəkildə ərəb əlifbasından fərqli olaraq soldan sağa çevirərək təqdim etdilər. Tərcümədə yazıblar ki, "Sonra o deyilir zəngin binadır. Allah mərhəmət göstərsin Akopa bu çeşməli torpaqlar əbədilik, ona məxsusdur”. Hətta Ermənistan SSR Elmlər Akademiyasının ərəbşünasları bu tərcümənin saxta olduğunu bildirdilər. Bayaq dediyimiz kimi qəbir üzərində Məhəmməd, Həsən, Əli adları yazılıb. Orada tamğalar var. Qoç buynuzu planı, bu tamğa və qoç buynuzundan da saxta bir mətn düzəldilib. Onu da tərcümə ediblər. Bu cür saxtakarlıq olmaz. Maraqlıdır burasıdır ki, bunu necə tərcümə ediblər? Yazıblar ki, “Yay çölü yol keçən tamahkar əsas, zəngin, zənginləşdirilmiş binadır. İribuynuzlu mal, qurban gətirilib. Zəngin evə hamıya buraya girmək qadağandır, çünki bura cəhənnəmdir”. Gördüyünüz kimi erməni saxtakarlığının həddi-hüdudu yoxdur. Ermənilərin daha bir saxtakarlıq nümunəsinə baxaq. Rəsmi İrəvanın saxtalaşdırma siyasətinin qurbanı olan ən möhtəşəm abidələrimizdən biri də Əmir Səəd məqbərəsidir. Əmir Səəd vəfat edəndən sonra onun oğlu Pir Hüseyn 1415-ci ildə çox möhtəşəm bir məqbərə tikdirir. Bu məqbərə memarlıq baxımından diqqəti cəlb edir. Hətta orta çağlarda Avropa ölkələrindən bura gələn səyyahların əsərlərində də bu abidənin rəsmi çəkilib.

Maraqlıdır ki, 1939-cu ildə Ermənistanda maddi mədəniyyət abidələri haqqında kitab çap edilib və həmin abidəni erməni abidəsi kimi təqdim ediblər. Amma onlar unudurdular ki, orada daş üzərində çox gözəl işlənmiş iki mühüm rəsm var. Bu rəsmin biri "Əmir Səəd ov səhnəsində" adlanır. İkincisi isə “1411-ci ilə qədər xarici qonaqları qəbul edərkən”. Bu şəkilə baxarkən həmin şəxslərin antropologiyasına əsasən erməniyə aid olmadığı dərhal görünür. Bu, türklərə, xüsusilə də qıpçaq türklərinə oxşar şəxslərin təsviridir.

Yeri gəlmişkən, erməni saxtakarlığı və təhrif siyasətinin bir hissəsi kimi deyim ki, 1946-cı ildə ermənilər Cəfərabad ərazisinin adını tamamilə dəyişdilər. Orada olan 12 metr hündürlüyündə, içəridən 5 metr enində, möhtəşəm memarlıq abidəsi var idi. Bu abidə də tamamilə məhv edilib. Hətta erməni alimləri 1961-ci ildə Moskvada nəşr etdirdikləri kitabda qeyd edirdilər ki, yerli əhali dövründə ermənilər Azərbaycan xalqına məxsus daha iki  maddi mədəniyyət abidələrini tamamilə məhv ediblər. Bütövlükdə, insanlıq tarixini öyrənə biləcək və onun təkamül tarixini üzə çıxara biləcək maddi mədəniyyət abidələri məhv edilib. Buna görə də ermənilərin bu cür hərəkətləri bəşəri bir cinayətdir.

- Ermənistan tərəfi Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin onlara məxsus olduğunu iddia edirdi. Eynilə İrəvandakı Göy məscid ilə bağlı da oxşar iddialar mövcuddur. Onlar həmin məscidi İran məscidi, fars məscidi kimi təqdim etməyə çalışırlar. Bu kontekstdə fikirlərinizi bilmək istərdik.

- Bütün mənbələrdə, xüsusilə də “Qarabağnamə”lərdə Gövhər Ağa məscidinin tikilmə tarixi, onu tikən memarın adı və digər detalları məlumdur. Hətta Yuxarı Gövhər Ağa məscidinin təmiri də tarixlə bağlı açıq faktlardır. İrəvan xanlığı dövründə bu ərazidə 8, bəzi mənbələrə görə isə 11 məscid mövcud olub. Həmçinin hamamlar, karvansaralar və digər mühüm memarlıq abidələri də var idi. Lakin ermənilər bu abidələrin hamısını məhv edərək yalnız böyük məscidlərin qalıqlarını saxlamağa çalışıblar. Bu məscidlərin bəzilərini isə fars məscidi kimi təqdim edirlər. Məsələnin əsas məğzi budur ki, bu ərazilər qədim dövrlərdən etibarən türk xalqlarının torpaqları olub. Həmçinin Səfəvilər dövründə bu ərazidəki əhali və idarəedicilər arasında heç bir erməni olmayıb. Onlar İranla siyasi məqsədlərini həyata keçirərək Göy məscidi fars məscidi kimi qələmə verməyə çalışırlar. Bu, tamamilə yanlışdır və bu məscid Azərbaycan türklərinə məxsusdur. Təpəbaşı məhəlləsində də bir məscid mövcud olub. Bu məscid məhəllə məscidlərindən biri idi. Lakin bu məscid də tamamilə dağıdılıb. Bu yaxınlarda isə məlum olub ki, həmin məscidin yerləşdiyi müqəddəs torpaq artıq içki istehsalı və istifadəsi məqsədilə istifadə olunur. Bu da ermənilərin Tanrıya və müqəddəs yerlərə olan münasibətlərinin göstəricisidir. Məsələn, Bakı şəhərində ermənilərə məxsus olan kilsəni biz göz bəbəyimiz kimi qoruyub saxlayırıq. Oradan kommersiya məqsədli istifadə edən restoran və ya kafe açmağa cəhd etmirik. Bu, bizim əxlaqımıza uyğun bir yanaşmadır. Digər tərəfdən, Qərbi Azərbaycanda 259-dan çox Azərbaycan xalqına məxsus kənd var idi. Bu kəndlərin əksəriyyətində qəbiristanlıqlar yerləşirdi. Lakin bu günə qədər Qarabağın dağlıq hissəsində ermənilərin ərazilərində bir dənə də olsun qəbiristanlığın və ya kilsənin dağıdıldığını görmək mümkün deyil.

- Boran müəllim, beynəlxalq təşkilatların, bu məsələyə münasibəti necədir?

- Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş edirdi. Azərbaycan, həmçinin beynəlxalq təşkilatlardan faktaraşdırıcı missiya göndərməyi tələb edirdi. Məqsəd ermənilərin qanunsuz olaraq başqa ölkələrdən buraya köçürülməsini sübut etmək idi.   Eyni zamanda, Azərbaycan  dağıdılmış məscidlərin, müqəddəs yerlərin və ziyarətgahların vəziyyətinin öyrənilməsini istəyirdi. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələləri araşdırmaqdan imtina etdilər.

Qeyd edim ki, bu müqəddəs yerlər, pirlər və ziyarətgahlar yalnız Qarabağda deyil, həm də Qərbi Azərbaycan ərazisində mövcud idi. Təəssüf ki, bu müqəddəs yerlərdən heç biri indiyə qədər salamat qalmayıb.

Necə olu ki, beynəlxalq təşkilatlar Azərbaycanda ermənilərə məxsus qəbiristanlıqların və kilsələrin qeydinə qalmaq fikrinə düşürlər, amma Azərbaycan xalqına məxsus olan müqəddəs yerlər onların heç yadlarına da düşmür? Azərbaycan dövləti bununla bağlı dəfələrlə müraciət edib, amma nəticə əldə edilməyib. 44 günlük müharibədən sonra da bu məsələlərlə bağlı təkrar müraciətlər olunub. Lakin hələ də bir nəticə yoxdur. Məsələn, işğal dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus 60-dan çox məscid dağıdılıb və onların çoxu artıq təyinatı üzrə istifadə olunmur. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələlərə nəzarət etmirlər və bu da göstərir ki, həmin təşkilatlar Azərbaycan xalqına qarşı xoşagəlməz münasibət bəsləyən bəzi dövlətlərin təsiri altındadır.

Nigar Orucova, “İki sahil”