5 mart 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd edib.
O, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu ilin “Konsitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçilik ənənələrimizin möhkəmlənməsinə, əldə etdiyimiz nailiyyətlərin dünya ictimaiyyətinə daha geniş təqdim edilməsinə xidmət etməklə yanaşı, dövlət orqanları və vətəndaş cəmiyyəti, o cümlədən onun fəal hissəsi olan qadınlar qarşısında yeni və vacib vəzifələr qoyduğunu bildirib. Əlavə edib ki, gələcək nəsillərə çiçəklənən, güclü və qüdrətli bir Azərbaycan bəxş etmək üçün ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, davamlı sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə çevik inteqrasiya, müstəqil xarici siyasət Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Bütün bu nailiyyətlər qadınların fəal iştirakı ilə əldə edilir, həmçinin daha güclü və yüksək səriştəli insan kapitalının formalaşmasına böyük töhfə verir.
Qadınların dövlət qulluğu, hakimlik, qanunverici və hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirdiklərini vurğulayan B. Muradova, qadınların informasiya texnologiyaları və süni intellektə marağının da artdığını, ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olduğunu bildirib.
Bir çox taleyüklü məqamlarda məhz qadınların daxili humanizmi ilə sülh və barış missiyalarını üzərlərinə götürməklə, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrildiyini qeyd edən Komitə sədri, Azərbaycanın fədakar qadınlarının regionda sülhün, əmin-amanlığın əldə edilməsinə və Azərbaycan prezidentinin sülh naminə siyasətinə dəstək verməkdə davam etdiyini deyib.
B. Muradova, ötən ilin xalqımızın həyatında bir neçə istiqamət üzrə əlamətdar olduğunu diqqətə çatdıran B. Muradova, Milli Məclisə seçkilər və Prezident seçkilərinin, eləcə də COP29 kimi mötəbər tədbirin uğurla baş tutduğunu qeyd edib. O əlavə edib ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi və bu işə cavabdeh qurumlar arasında əlaqələndirmə, bəzi hallarda monitorinq funksiyasını yerinə yetirməyə cavabdeh mərkəzi icra hakimiyyəti orqanı olmaqla Dövlət Komitəsi də ötən il sadalanan bütün fəaliyyət sahələri üzrə qadınların iştirakçılığının təmin olunması üçün tərəfdaşları ilə birlikdə böyük səylər göstərdi.
Komitə rəsmisi xüsusilə diqqətə çatdırıb ki, Azərbaycan qadınlarının parlaq lideri ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında hamisi olan qadınlarımız onun açdığı yolla ictimai-sosial, mədəni-mənəvi sahədə ölkəmizin inkişafına töhfə verməkdə davam edirlər. Onun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə, ümumilikdə ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələr, bütün Azərbaycan qadınlarına, xalqa, dövlətə xidmət, ailəsinə sonsuz bağlılıq, sevgi və sədaqət hisslərindən qaynaqlandığını təlqin edir.
B.Muradova, Azərbaycan qadınlarının qarşıdakı illərdə də cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial- mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəyinə və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacağına inamını ifadə edib.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, vətəndaşlarımızın, eləcə də qadınların hüquq və azadlıqlarının təmin olunmasının əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə xalqımıza xas olan qadına hörmət mənəvi kateqoriyadan hüquqi müstəviyə keçirildi, hüquqi status aldı.
O bildirib ki, cəmiyyətdə əmin-amanlığın, təhlükəsizliyin, sabitlik və sülhün təmin olunmasında qadınların böyük rolu vardır. Həyatın bütün sferalarında qadınlar iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına töhfə verirlər: “Azərbaycan cəmiyyətini qadın istirakçılığından ayrı təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə, o cümlədən idarəçilikdə və iqtisadiyyatda qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində ən başlıca amillərdən biridir. İnanıram ki, hər bir vətəndaşımızın, o cümlədən qadınların fəallığı və vətənpərvərliyi sayəsində Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəkdir".
Azərbaycanda 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilən ilk qadın Aydan Rəhimli çıxış edib. O nitqi zamanı, bugünkü kürsüdəki çıxışını möcüzə adlandıraraq, həmkarlarının, eləcə də Hökumə Əliyevanın etdiklərinin qəhrəmanlıq və fədakarlıq nümunəsi olduğunu deyib: “Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".
O, ölümlə üz-üzə qaldığı zaman güclü olduğunu hiss etdiyini vurğulayaraq, Azərbaycan qadınlarının zərif olduqları qədər hər zaman güclü olduğunu qeyd edib. A. Rəhimli xüsusi diqqət və qayğıya görə cənab Prezidentə, eləcə də həyatda qalmağında rolu olan həkimlərə və anasına təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam edib.