İraq Xarici İşlər Nazirliyi Suriyanın Latakiya və Tartus şəhərlərində hökumət qüvvələri ilə devrilmiş Əsədə sadiq ünsürlər arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb.
“İki sahil” xəbər verir ki, bəyanatda Suriyada sürətlə artan təhlükəsizlik hadisələri ilə bağlı narahatlıq ifadə olunub.
Bəyanatda mülki şəxslərin qorunmasının vacibliyi vurğulanıb, Suriyadakı bütün tərəfləri təmkinli olmağa çağırıb, hərbi gərginlikdənsə sülh yolu ilə həll yollarına və dialoqa üstünlük verilməsinin vacibliyi vurğulanıb.
İraqın günahsız mülki şəxslərin hədəfə alınmasını qəti şəkildə rədd etdiyi və zorakılığın davam etməsinin regionda qeyri-sabitliyi dərinləşdirəcəyi, təhlükəsizlik və sülhə nail olmaq səylərinə mane olacağı ifadə edilib.
Bəyanatda beynəlxalq ictimaiyyət Suriyada humanitar böhrana son qoyulması üçün səyləri gücləndirməyə və ölkənin birliyi və xalqının təhlükəsizliyinin, eləcə də regionda sabitliyin təmin edilməsinə yönəlmiş siyasi həll proseslərinə dəstək verməyə çağırıb.
Xatırladaq ki, Suriya təhlükəsizlik rəsmiləri bildiriblər ki, Əsədə sadiq ünsürlər cümə axşamı axşam Latakiyanın Ceblah rayonunda hökumət qüvvələrinə planlaşdırılmış hücum həyata keçirərək, patrul bölmələri və nəzarət-buraxılış məntəqələrini hədəfə alıblar. Latakiya və Tartus şəhərlərində komendant saatı elan edilərkən, şəhər mərkəzləri və ətraf kəndlərdə genişmiqyaslı əməliyyat başladılıb. Homs və Hələbdə də toqquşmalar olub. Toqquşmalarda aralarında mülki şəxslər də daxil olmaqla onlarla insanın həlak olduğu bildirilib.
İraq Sərhəd Mühafizə Komandanlığı şiddətli qarşıdurmalara görə İraq-Suriya sərhədində təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”