08 mart 2025 14:33
289

ABŞ-dan ququla soyuq duş

ABŞ Ədliyyə Nazirliyi ququla (Google) qarşı antiinhisar iddiasını davam etdirir və şirkətdən xrom (Chrome) brauzerini satmağı tələb edir.

İki sahil” xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Ədliyyə Nazirliyi antiinhisar işi üzrə yenidən işlənmiş sənədləri məhkəməyə təqdim edib.

Sənədlər hakimin ququlu xrom brauzerini satmağa məcbur etmək tələbini təkrarlayıb.

Digər tərəfdən, sənədlər nazirliyin ququlu süni intellekt startaplarında paylarını satması tələbindən imtina etdiyini göstərir.

Ququlun sözçüsü Piter Şottenfels, tələblərin ABŞ-ın iqtisadiyyatına və təhlükəsizliyinə zərər verəcəyini söyləyib və əlavə edib: "Bu tələblər məhkəmənin qərarından çox kənara çıxır".

Yekun qərarın aprel ayında federal hakim Amit Mehta tərəfindən veriləcəyi bildirilir.

ABŞ prezidenti Donald Tramp administrasiyasının bu tələbləri təkrar etməsi, gözləntilərin əksinə olaraq yeni administrasiyada antiinhisarla bağlı aqressiv tədbirlərin davam edəcəyi ilə bağlı şərhlərə səbəb olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”