ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
“İki sahil” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin hələ də sülh istədiyinə inanıb-inanmadığı ilə bağlı suala Tramp belə cavab verib: "Mən ona inanıram. Düşünürəm ki, Rusiya ilə çox yaxşı irəliləyirik. Amma hazırda Ukraynanı cəhənnəmə çevirirlər. Açığı, Ukrayna ilə razılaşma mənə daha çətin gəlir. Onların kartları yoxdur. Rusiya ilə razılaşmaq daha asan ola bilər".
Putinin ABŞ-ın Ukraynaya yardımı kəsməsinin yaratdığı boşluqdan istifadə edib-etməməsi ilə bağlı suala Tramp belə cavab verib: "Məncə, o, hər kəsin edəcəyini edir. Məncə, o, onlara daha çox zərbə vurur".
Müharibənin başlamamalı olduğunu təkrarlayan Tramp Ukraynaya yardımı tamamilə dayandırmağa hazır olduğunu da vurğulayıb. Rusiya bombardmanlarından müdafiə üçün Ukraynanı niyə hərbi texnika ilə təmin etmədiyini soruşduqda Tramp deyib ki, Ukraynanın müharibəni bitirmək istədiyinə əmin deyil: "Mənim Putinlə həmişə yaxşı münasibətim olub. O, müharibəni bitirmək istəyir və məncə, olması lazım olduğundan daha səxavətli olacaq. Bu, olduqca yaxşıdır".
Məhərrəm Ağalaroğlu, “İki sahil”