Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşüb.
“İki sahil” xəbər verir ki, iki ölkə arasında dostluq münasibətlərindən söz açan Dövlət Komitəsinin sədri Bahar Muradova, hazırda iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Milli köklərə bağlılığın demokratik cəmiyyət qurmağı istisna etmədiyini bildirən sədr, Azərbaycanda dövlət siyasətinin müasir dəyərlərin milli kimlik müstəvisində qəbul edilməsinə, millilik və müasirliyin vəhdətinə əsaslandığını vurğulayıb: “Ailələrin, qadın və qızların, bütün insanların hüquqları üçün çalışırıqsa, ən başlıca onların dəyərlərini qorumağa çalışmalıyıq”. O, Macarıstanın Azərbaycanla birlikdə həm də Türk Dövlətləri Təşkilatında təmsil olunduğunu deyərək, hər iki ölkənin eyni ailə dəyərlərinə üstünlük verdiyini əlavə edib.
Azərbaycanın 5 ildir ki, suverenliyini bərpa etdiyini xatırladan B. Muradova, torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifənin dağıdılmış ərazilərdə həyatı yenidən dirçəltmək olduğunu diqqətə çatdırıb.
Ailə dəyərlərinin qorumağın vacibliyini qeyd edən Zofia Konts, bu dəyərlərin millətlərimizin fundamentini, özəyini təşkil etdiyini bildirib. O, fəaliyyətlərində əsas istiqamətlərin işsizliyin aradan qaldırılması və ailələrə dəstək xidmətlərinin göstərilməsi olduğunu qeyd edib, digər fəaliyyət istiqamətləri barədə məlumat verib, dəstək proqramları çərçivəsində reallaşdırılan layihələrdən danışıb. Xanım katib ailə dəyərlərinin gücləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hazır olduqlarını bildirib və ölkəsinin Azərbaycanın bu sahədəki təcrübələrindən yararlana biləcəyini vurğulayıb.
Görüş tərəflər arasında ailə məsələləri sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələrlə davam edib.
Qeyd edək ki, görüş BMT-nin Qadınların Statusu Komissiyasının Nyu-Yorkda keçirilən 69-cu sessiyası çərçivəsində baş tutub.