Bahar Muradova Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəyə hesabatın təqdim edilməsinə az vaxt qaldığını deyərək, sonuncu hesabatda əksini tapan rəy və tövsiyələrin Azərbaycan tərəfindən diqqətə alındığını, əksəriyyətinin artıq icra edildiyini vurğulayıb.
“İki sahil” xəbər verir ki, Komitə sədri bildirib ki, Azərbaycan 5 il əvvəl suverenliyi tam bərpa edib və Komitə müharibənin qadınlar üzərində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. O, həmçinin Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında məlumat verib. O bildirib ki, birinci Qarabağ müharibəsi nəticəsində 4 844 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 321-i qadın, 54-ü isə uşaqdır. Komitə sədri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və uzunmüddətli təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülüb, qətlə yetirilib və işgəncələrə məruz qalıb.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Nahla Haidar məsələ ilə bağlı araşdırmalar aparılması üçün sənədləşmənin və konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Görüşdə müxtəlif vacib mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə Komitələr arasında faydalı əməkdaşlıq imkanları müzakirə edilib.