13 mart 2025 15:37
98

Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Novruz bayramı – xalqımızın ən qədim və ənənəvi bayramlarından biri olmaqla, yeni ilin, baharın gəlişinin və təbiətin yenilənməsinin rəmzidir. Tarix boyu müxtəlif mədəniyyətlərdə xüsusi önəm verilən bu bayram, insanları birlik və bərabərlik ruhunda birləşdirərək, xoşbəxtlik və bərəkət dolu günlərin müjdəçisi olmuşdur. Novruz, təkcə təqvimdə yeni bir günün başlanğıcı deyil, eyni zamanda qədim inanclara, milli dəyərlərə və ənənələrə əsaslanan zəngin bir mədəni irsdir.

Novruzun tarixi çox qədim dövrlərə gedib çıxır. Bəzi mənbələr onun 5 min ildən çox yaşı olduğunu göstərir. Tarixi kökləri zərdüştilik və qədim iranlıların, türkdilli xalqların inanclarına əsaslansa da, Novruz təkcə dini və ya etnik bir bayram deyil, mədəniyytlərarası bir dəyər kimi formalaşıb. Novruzun əsas mahiyyəti təbiətin yenilənməsi və insan həyatında yeni mərhələnin başlanğıcıdır.

Novruzun bəşəri dəyərləri                

Novruzun rəsmi tanınması və onun qlobal əhəmiyyəti 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2010-cu ildə BMT tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan olunması ilə daha da gücləndi. Bu, Novruzun bəşəriyyət üçün mühüm dəyər daşıdığını göstərir.

Novruz bayramı coğrafi sərhədləri aşaraq, müxtəlif xalqlar və mədəniyyətlər arasında birlik və dostluğu möhkəmləndirən bir bayramdır.

Novruz bayramı insanları bir araya gətirir, ailə üzvlərini, dostları və qonşuları bir-birinə yaxınlaşdırır. Bayram öncəsi insanlar küsülüləri barışdırır, bir-birinə baş çəkir və mehribanlıq nümayiş etdirir. Bu, cəmiyyət daxilində dostluq və sülh mühitinin möhkəmlənməsinə kömək edir.

Novruz təkcə bir ölkənin və ya xalqın bayramı deyil. Bu bayram Azərbaycan, Türkmənistan, Orta Asiya və Qafqaz bölgələrində, eləcə də bir çox başqa ölkələrdə qeyd olunur. Onun müxtəlif mədəniyyətlər tərəfindən mənimsənilməsi sülh və qardaşlığın göstəricisidir.

Novruzun milli-mənəvi dəyərləri

Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Azərbaycan xalqı üçün Novruz təkcə bir bayram deyil, eyni zamanda milli kimliyimizin, tarixi və mədəni dəyərlərimizin bir hissəsidir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir.

Novruz Çərşənbələri və Onların Mənası

Azərbaycan mədəniyyətində Novruz dörd çərşənbə ilə qarşılanır:

1. Su çərşənbəsi – Həyatın başlanğıcını və təmizliyi simvolizə edir.

2. Od çərşənbəsi – Günəşin qayıdışını, insan ruhunu və istiliyi ifadə edir.

3. Yel çərşənbəsi – Havanın, ruhun hərəkətini təmsil edir.

4. Torpaq çərşənbəsi – Bərəkəti və yenidən doğulmanı bildirir. İnsanların əkin-biçin işlərinə başlaması və torpağa olam bağlılığı bu ünsürlə ifadə olunur.

Bu çərşənbələr qədim inanclardan qaynaqlanaraq, insanların təbiətlə olan bağlarını gücləndirir.

Novruz Adət-Ənənələri

Tonqal qalamaq – Bu ənənə insanların mənəvi təmizlənməsini, uğursuzluqlardan qurtulmasını və yeni başlanğıclar üçün güc toplanmasını ifadə edir. Tonqalın alovu həyatın işığını, bərəkəti, birlik ruhunu təcəssüm etdirir. Bu ənənə qədim atəşpərəstlik inanclarından gələn bir adət olduğu üçün milli kimliyi yaşadır.

Papaqatdı – Uşaqların evlərə papaq ataraq hədiyyələr alması mehribanlıq, qonaqpərvərlik və paylaşma dəyərini təcəssüm etdirir.

Səməni yetişdirmək – Novruz süfrəsinin əsas atributlarından biri olan səməni bolluq və məhsuldarlığın rəmzidir. Səməni baharın gəlişini, torpağın oyanmasını və həyatın yenilənməsini simvolizə edir.

Yumurta döyüşdürmək – Bayramın əvəzolunmaz əyləncələrindən biri olan yumurta döyüşdürmək güc, uğur və davamlılığın simvoludur. Kiminsə yumurtası sınmazsa, bu, həmin insanın daha güclü, uğurlu olacağına işarə kimi qəbul edilir. Yumurtanın boyanması və bəzədilməsi xalq sənətinin bir hissəsidir.

Xonça bəzədilməsi -  Novruz bayramının ən gözəl və qədim ənənələrindən biridir. Xonçaya düzülən hər bir detal Novruzun mahiyyətini və xalqımızın inanc və arzularını özündə əks etdirir.

Novruz, ailə və qohumluq bağlarını möhkəmləndirən bir bayramdır. İnsanlar böyüklərini ziyarət edir, mehribanlıq və qarşılıqlı hörmət nümayiş etdirirlər.

Novruz bayramında evlərin təmizlənməsi, paltarların yenilənməsi mənəvi paklığın da göstəricisidir. İnsanlar köhnə inciklikləri unudur, yeni ili saf niyyətlə, təmiz qəlblə qarşılayırlar. İnsanlar yeni ili təmiz niyyətlə qarşılamaq üçün daxili rahatlıq tapmağa çalışırlar. Bu, mənəvi dəyərlərin qorunması və insan münasibətlərinin saflaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Novruz bayramında milli dəyərləri və ənənələri özündə birləşdirən Kosa və Keçəl obrazları  xüsusi rol oynayır.  Onlar təkcə əyləncə obrazları deyil, həm də xalqın dünya görüşünü, arzu və inanclarını ifadə edən dərin məna daşıyan simvollardır. Novruz şənliklərində səhnələşdirilən Kosa və Keçəl tamaşaları xalq arasında geniş yayılmışdır. Kosa var-dövlət və bolluq arzusunu ifadə edən bir fiqurdur, Keçəl isə kasıb, amma ağıllı və hiyləgər bir obrazdır. Bu iki obraz xalq mədəniyyətinin dərin mənalarını əks etdirir. Keçəl yoxsulluğa baxmayaraq ümidlidir, Kosa isə bolluğun və bərəkətin rəmzi kimi çıxış edir. Bu, insanlara birlik, ümid və yenilənmə mesajı verir və Novruzun ruhunu daha da möhkəmləndirir.

Novruz bayramının digər əsas personajı olan Bahar qızı Azərbaycanın qədim ənənlərini yaşadır. Milli geyim və atributlar vasitəsilə xalqın mədəni irsini nümayiş etdirir.

Bu ənənələrin gələcək nəsillərə çatdırılması isə cəmiyyətin və hər bir fərdin üzərinə düşən mühüm vəzifələrdən biridir. Uşaqlara Novruzun mahiyyətini öyrətmək, qədim adət-ənənələri qoruyaraq onlara bu bayramın dəyərini aşılamaq, milli mədəniyyətimizin davamlılığını təmin edəcəkdir. Bunun üçün ailələrdə,  məktəblərdə və təhsil müəssisələrində Novruzun mahiyyəti haqqında uşaqlara  məlumat verilməli, Beynəlxalq festivallar və mədəni tədbirlər vasitəsilə Novruzun dünyada tanınması təşviq edilməlidir. Sosial mediada və televiziya kanallarında Novruz ənənələri barədə proqramlar yayımlanmalıdır.

Beləliklə, Novruz bayramı həm insanlığın ümumi dəyərlərini – sülhü, sevgini, təbiətlə harmoniyanı ifadə edir, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin qorunmasına töhfə verir. Bu, onun həm bəşəri, həm də milli mahiyyətini təsdiq edən ən gözəl nümunələrdən biridir.

Gülbəniz Qasımova,
Xətai rayonu, 64 saylı orta məktəbin müəllimi