Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür
Həyatda bəzi anlayışlar vardır ki, onun təkcə adını çəkmək belə insanda müəyyən dəyişikliklərə, həyəcana səbəb ola bilir ki. Bunlardan biri də sözsüz ki, imtahan anlayışıdır. Bildiyimiz kimi hər ilin müxtəlif dönəmlərində ölkəmizdə müxtəlif formalarda imtahanlar təşkil olunmaqdadır. Kimlər üçün uğurlu, başqaları üçün uğursuz ola bilən bu imtahanlarda xüsusilə ikinci tip tələbələr müxtəlif səbəblər gətirirlər ki, ən çox eşidə biləcəyimiz səbəblər sırasında psxioloji əlamətlər üstünlük təşkil edir.
İmtahanqabağı təşviş, imtahan zamanı həyəcan və stressin yüksək həddə çatması abituriyentlərin intellektual fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən də yüksək hazırlıqlı abituriyentlərin bəziləri imtahanda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, stress, qorxu hissi, gərginlik onlara imkan vermir ki, özlərini toplayıb sualları cavablandırsınlar.
İmtahanqabağı şagirdlərdə həm psixoloji, həm də fizioloji dəyişikliklər baş verə bilər. Bu, onların imtahan stresini necə idarə etdiyindən asılıdır. Gəlin, bu dəyişikliklərə daha yaxından baxaq:
Psixoloji dəyişikliklər kimi şagirdlərdə qeyri-müəyyənlik və uğursuzluq qorxusunun yaranması, özünəinamın azalması, diqqət və konsentrasiyanın pozulması Həvəssizlik və motivasiya düşüklüyü aqressiya və ya həssaslıq kimi çətinliklər müşahidə edilir.
Ürək döyüntüsünün sürətlənməsi, tərləmə, baş ağrıları və əzələ gərginliyi, yuxu və qida problemləri, mədə narahatlıqları, stres altında bəzi şagirdlərdə mədə ağrıları, həzm problemləri və ya ürəkbulanma müşahidə oluna bilər və bunlar ən çox üzləşilən fizioloji dəyişikliklərdir.
Şagirdlərin imtahan həyəcanı səviyyəsini müəyyənləşdirmək üçün bir neçə üsuldan istifadə etmək olar. Bu üsullar psixoloji və fizioloji göstəricilərə əsaslanır. Müəllimlər və valideynlər şagirdlərin davranışlarını izləyərək onların həyəcan səviyyəsini qiymətləndirə bilərlər. O cümlədən şagirdlərə sadə suallar verməklə onların həyəcan səviyyəsini anlamaq olar.
Bununla yanaşı, bəzi fiziki reaksiyalar şagirdin həyəcan səviyyəsini göstərə bilər. Bunlara misal olaraq tərləmə, ürək döyüntüsünün artması, gərginlik, baş və mədə ağrılarını misal göstərə bilərik.
Digər tərəfdən, şagirdlər üçün sınaq imtahanları təşkil edərək onların real imtahan qarşısında necə reaksiya verdiyini müşahidə etmək olar. Həyəcan səviyyəsi yüksək olanlar belə imtahanlardan sonra öz narahatlıqlarını ifadə edirlər.
Əgər şagird imtahanı düşünərkən güclü stress, narahatlıq və fizioloji problemlər yaşayırsa, onun imtahan həyəcanı yüksək ola bilər. Onu dəstəkləmək üçün müsbət düşünmə texnikaları, relaksasiya metodları və düzgün imtahan strategiyaları öyrətmək lazımdır.
İmtahan öncəsi stresin bir çox səbəbi var və bunlar psixoloji, akademik və sosial faktorlarla bağlı ola bilər.
Bunları qruplaşdıraraq aşağıdakı kimi qeyd edə bilərik:
Akademik səbəblər: Kifayət qədər hazırlaşmamaq, çətin dərs materialları, vaxt çatışmazlığı, özünəinamın az olması və s.
Psixoloji və emosional səbəblər: Uğursuzluq qorxusu, özünü başqaları ilə müqayisə etmək, narahatlıq və pessimizm, daha əvvəlki uğursuz nəticələr və s.
Ailənin və cəmiyyətin təsiri: Valideynlərin yüksək gözləntiləri , cəmiyyətin təzyiqi , digər öhdəliklər
Fizioloji və sağlamlıqla bağlı səbəblər: Yuxu çatışmazlığı , pis qidalanma , hərəkətsizlik və s.
İmtahan stresini azaltmaq üçün həm psixoloji, həm də fizioloji üsullardan istifadə etmək lazımdır. Burada şagirdlərə kömək edəcək praktik və effektiv metodları qeyd edirəm:
Düzgün hazırlıq və planlaşdırma, kiçik hədəflər müəyyənləşdirmək, pozitiv düşüncə və özünəinam, istirahət və əyləncə üçün vaxt ayırmaq, düzgün qida və yuxu planlaması, ailə, müəllim və digər yaxınların dəstəyi kimi məqamlar stresin aradan qalxmasına yardım olur.
Təbii ki, imtahan ərəfəsində valideynlər heç də övladlarından az həyəcanlı olmurlar. Ancaq onlar mümkün qədər həyəcanlı olduqlarını övdlarına büruzə verməməlidirlər. Ata, ana narahat, qayğılı, həyəcanlı olursa, bu, təbii ki, uşağa da təsir edir. Ata və anasını gərgin, stressli görən uşaq da istər-istəməz həyəcanlanır, narahatlıq keçirir. Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür. Odur ki, ailə üzvləri imtahan ərəfəsində övladlarına lazımı dəstəyi, qayğını və diqqəti göstərməlidirlər. Valideynlər uşaqlarına qarşı daha həssas olmalı, etdikləri hər hərəkətə, işlətdikləri hər ifadələrdə, sözlərdə çox ehtiyatlı olmalıdırlar. Valideyn gərək uşağı təlaşlandırmasın, həyəcanlandırmasın, qorxutmasın. Əksinə, övladına dəstək verib, hər şeyin yaxşı olacağını, nəticə nə olursa olsun hər zaman onun yanında olduğunu desinlər. Bu məqamda valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Ata, ana uşağa mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. İmtahana gedən uşağın yanında psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir.
Bununla yanaşı məktəbdə müəllimlərin və məktəb psixoloqlarının da bu dönəmlərdə diqqət etməli məqamlar çoxalır. Aşağı nəticələr əldə etmiş və ya özünə güvən problemi yaşayan şagirdlərlə həm müəllimlər, həm psixoloqlar söhbətlər edilməli, onları narahat edən problemlər dinlənməli və ehtiyac olarsa bu problemlərin həlli istiqamətində valideynlərlə birgə fəaliyyət göstərilməlidir.
Unutmaq olmaz ki, dəstəyi hiss edən abituriyentin özünəinamı daha da yüksək olur və bu da imtahanlarda öz müsbət təsirini göstərir.
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru