13 mart 2025 17:18
86

Azərbaycan Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib. Vaxtilə Suriyada Azərbaycan səfirliyi mövcud idi. Sonra isə keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımları fonunda bizim oradakı səfirliyin fəaliyyəti dayandırılmışdı.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

Yeni vəziyyəti, reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyətə keçdiklərini diqqətə çatdıran nazir səfirliyin fəaliyyətinin bərpa olunmasından əvvəl Azərbaycan nümayəndə heyətinin Suriyaya səfər etdiyini bildirib. O qeyd edib: “Bizim təmaslar davam edir. Ölkəmiz tərəfindən ilk humanitar yardım göstərilib. Eyni zamanda, bir neçə gün əvvəl Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Suriyanın İƏT-də fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edildi. Azərbaycan həmin qərarı dəstəklədi. Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulur və biz bir sıra məsələləri müzakirə edəcəyik", - deyə C.Bayramov vurğulayıb.

Azərbaycan dövlətinin Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyən Ceyhun Bayramov ölkəmizin humanitar sahədə öz dəstəyini bundan sonra da verəcəyini vurğulayıb. "Eyni zamanda, həm ikitərəfli əlaqələr vasitəsilə, həm də beynəlxalq təşkilatlar kontekstində Suriyanın beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktoruna çevrilməsi üçün əlimizdən gələn dəstəyi göstərəcəyik”, - deyə o əlavə edib.