14 mart 2025 00:57
122

Monitorinq missiyası yox, mülki libaslı hərbi-casus, kəşfiyyat şəbəkəsi...

Heç kimə sirr deyil ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki missiya”sı (European Union Mission in Armenia, EUMA) Cənubi Qafqazda gərginliyi artırmaq, qarşıdurma yaratmaq və regionu qaynar qazana çevirmək məqsədilə yerləşdirilib. O da məlumdir ki, bu missiyasının tərkibi Azərbaycanın razılığı olmadan genişlənir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Təbii ki, Aİ missiyasının əsas məqsədlərinin hərbi-siyasi xarakter daşıdığını hamımız bilirik. Gerçəklik odur ki, bu missiya əsasən NATO ölkələrinin hərbi mütəxəssislərindən təşkil olunub. Hazırda bu missiyanın tərkibində fəaliyyət göstərən hərbi kəşfiyyatçılar casus fəaliyyəti ilə məşğuldurlar. Bu qurumu Avropa cəsus şəbəkəsi hesab etmək olar. Bu  şəbəkə hazırda məlumatları toplamaqla məşğuldurlar və bu fəaliyyət Azərbaycana qarşı yönəlib. Bu baxımdan, Avropa İttifaqının kəşfiyyat missiyasının Cənubi Qafqazdakı sülh prosesinə müsbət təsir göstərməsi mümkün deyil. Xüsusilə qeyd edək ki, Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayısı ilə Ermənistanın hərbiləşdirilməsinə sərf edilir. Ölkəmizin başçısının bildirdiy kimi, Ermənistana verilən məhvedici silahlar Azərbaycana qarşı yönəlir.

“Caliber” portalının yaydığı məlumata əsasən, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır: “Toplanmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlaşmasının sübutları daha da aydın görünməyə başlayıb. Eskalasiya prosesində xüsusi rolu rəsmi olaraq “müşahidə missiyası” kimi təqdim edilən Aİ-nin missiyası oynayır. Lakin onların fəaliyyəti tamamilə fərqli mənzərə yaradır. Sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb. Avropalı “müşahidəçilər” sistematik olaraq əraziləri araşdırır, zəif mövqeləri müəyyənləşdirir, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər. Missiya faktiki olaraq monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldur ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir. Bu aktivlik Ermənistanın militarizasiyasının digər təhlükəli əlamətləri ilə üst-üstə düşür. Ermənistanın hücuma hazırlaşdığını açıq şəkildə göstərən əsas əlamətlərdən biri də Azərbaycanla sərhəddə 10 istehkamlaşdırılmış hərbi mövqenin tikilməsidir. Bu obyektlər struktur və yerləşmə baxımından müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulub. Onların dislokasiyası strateji əhəmiyyətli əraziləri atəş nəzarətində saxlamaq üçün xüsusi hesablanıb, bu da sərhədyanı bölgələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Üstəlik, bu mövqelər xüsusi tunellərlə birləşdirilir və bu tunellər Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycana qarşı təxribat törətmək üçün istifadə ediləcək.

Avropa İttifaqı ölkələri missiyanın bir ay əvvəl fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb.

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziyalara müsahibəsində Aİ-nin missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını vurğulayıb: “Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”. 

2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Emə­nistanda fəaliyyətə başlayan, hazırda sayı 209 nəfər olan Aİ missiyasının “binokl diplomatiyası” heç cür qəbul oluna bilməz. Gizli deyil ki, sərhəddə üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Zahid Rza, “İki sahil”