14 mart 2025 00:27
128

Dostluq, əməkdaşlıq, həmrəylik humanizmə siyasətə çağırışdır

Qarşılıqlı anlaşma, biri-birinin daxili işlərinə müdaxilə etmədən əlaqələri genişləndirmək Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindəndir

«Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tərəqqi, siyasi sabitliyin mövcudluğu, xalqlar arasındakı yaxınlıq qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərir. Dövlət başçımızın bu sözləri artıq reallaşıb. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığa diqqətin artması əlaqələrin yeni istiqamətlər üzrə inkişafını sürətləndirir. Əlverişli geosiyasi ərazidə yerləşən, bölgənin siyasi, iqtisadi hərbi qüdrəti ilə seçilən ölkəsi kimi tanınan Azərbaycan dünya birliyinin fəal üzvü olaraq beynəlxalq mövqeyini gücləndirir. Milli maraqlarımıza, dövlətçilik mənafeyinə uyğun təkmilləşən ölkəmizin daxili və xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsi, Azərbaycanın müəllifliyi ilə reallaşan enerji və nəqliyyat layihələrinə marağın artması, regionda sülhün və təhlükəsizliyin təminatı üçün göstərdiyi qətiyyət, irəli sürdüyü təşəbbüslərin hədəfə düzgün istiqamətləndirilməsi respublikamızın dünya siyasətinə artan təsir imkanlarının nəticəsidir.

Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi naminə qətiyyət göstərən Prezident İlham Əliyev qurumun beynəlxalq münasibətlər sistemində fəallığının artması üçün bütün imkanlardan səmərəli istifadə edir. Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı Türkmənistanı vahid platformada birləşdirən TDT-yə Macarıstanın və Kipr Türk Cumhuriyyətinin TDT-nə müşahidəçi statusunda qoşulmaları təşkilatın coğrafiyasını genişləndirir.

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevin dövlət başçıları ilə keçirdiyi görüşlərdə Azərbaycanın multilateralizmə verdiyi dəstək, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi yüksək dəyərləndirilmişdi. Respublikamızın COP29- a sədrliyini uğurla başa çatdıran Prezident İlham Əliyev xalqımıza xas humanizmi, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyi, mültikultural dəyərlərə sadiqliyini, neokolonializm kimi mənfur niyyətlərə qarşı barışmazlığını dünyaya bəyan etdi.

Bəllidir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələ üzrə, dostluq və qardaşlıq münasibətləri fonunda inkişafı diplomatiyamızın şaxələnən və dəstəklənən uğurlarının nəticəsidir. Dövlət başçımız İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfərinin hər biri qarşılıqlı münasibətlərin inkişaf göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün tarixi, strateji əhəmiyyətə malik, vahid tarixi-mədəni, coğrafi region olduğu təsdiqlənib. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması iqtisadi əməkdaşlığı tənzimləməklə əlaqələri daha da genişləndirir. Dünyada təhdid və mənfi çağırışların, enerjiyə tələbatın artması, ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyacın daha çox duyulması münasibətlərdə şəffaflığın qorunmasını tələb edir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə Azərbaycanda keçirilən Zirvə görüşündəki çıxışında sabitlik olmadan iqtisadi inkişafın mümkün olmadığını diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla davam edir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla yekunlaşmır. Artıq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) fəaliyyət göstərir ki, dəhliz üzərindən yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir.

Qarşılıqlı anlaşma, biri-birinin daxili işlərinə müdaxilə etmədən əlaqələri genişləndirmək Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindəndir. Bu baxımdan Azərbaycan üçün yeni platforma, humanitar tribuna olan İqtisadi Əməkdaşlığı Təşkilatına (D-8) üzvlüyə (D-8) qəbulu ölkəmizin diplomatiyasının daha geniş sferada dəstəklənməsi xalqımızın İslami dəyərlərə sadiqliyinin ifadəsidir Dünya düzəninin pozulduğu, hətta nüvə müharibəsi ilə bağlı təhdidlərin narahatlıq yaratdığı, «qlobal» ifadəsinin fərdi maraqlar şousunda «əridildiyi», NATO-nun bölgələrlə bağlı planlarının Rusiya- Ukrayna müharibəsinin kölgəsində gizlədildiyi müasir dövrümüzdə Qərbin başqa ölkələrə gətirdiyi fəlakətlərin acı nəticələri danılmazdır. Geosiyasi maraqlarını beynəlxalq qanunları üstələyən gücə arxalanmaqla, qanun-qadağaya sığmayan diplomatik gedişləri ilə həyata keçirən Qərbin siyasi gündəliyində olan Cənubi Qafqazı münaqişələr ocağına çevirmək naminə hazırlanan məkrli planları müxtəlif istiqamətli bəhanələrlə «yenilənir.»

Bu baxımdan Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyə qəbulu daha məqsədəuyğun idi və bu reallıq gerçəkləşdi. Dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə ölkəmizin dünya birliyinə, daha dəqiq deyilsə müsəlman dövlətləri ilə əməkdaşlığına yeni pəncərə olan D-8-ə üzvlüyə qəbulu İslam dünyasına yeni nəfəs gətirdi. Bu həm də Qərbə növbəti zərbə oldu. Dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8 çərçivəsində İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyi aktuallaşdı. Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və hazırda Azərbaycanın da təmsil olunduğu «doqquzluğun» bayrağında əks olunan altı ulduz təşkilatın əsas prinsiplərinin simvolu kimi qurumun fəaliyyət istiqamətlərini əks etdirir: Müharibə deyil, sülh, münaqişə deyil, dialoq, ikili standartlar deyil, ədalət, üstünlük deyil, bərabərlik, müstəmləkə deyil, ədalətli düzən, zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya. D-8-in Qahirədə keçirilən XI Zirvə görüşü Azərbaycanın təşkilata bərabərhüquqlu üzvlüyü ilə yadda qaldı. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür Dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan Türkiyə ilə Azərbaycan arasındakı birlik və həmrəyliyin iradəsindən qaynaqlanan qardaşlıq münasibətlərinin ən yüksək zirvədə qərarlaşması D-8-in Misir Sammitində də təsdiqləndi. Quruma üzvlük tarixi və əlamətdar hadisə olmaqla iki dost, qardaş ölkələr arasındakı əbədi həmrəyliyi daha da gücləndirir.

Bu günlərdə ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edən Prezident İlham Əliyev ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını ifadə etdi, təşkilatın tamhüquqlu üzvü kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə qeyd olundu ki, Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri tərəfdaşlar arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın aidiyyəti qurumları ilə təşkilat arasında əlaqələrin yaradılmasının önəminə toxunan dövlət başçımız bu coğrafiyanın genişlənməsinə xidmət edəcək Xəzər dənizinin və Qafqaz regionunun əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu xüsusda təşkilatın bölgəyə yaxınlaşmasında regionun mühüm ölkəsi kimi Azərbaycanın rolunu qeyd etdi. D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisat olduğunu deyən Baş katib onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafının dayandığını qeyd etdi. Qonaq əminliklə bildirdi ki, Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz töhfəsini verəcək. Görüşdə D-8 çərçivəsində enerji, iqlim fəaliyyəti, ticarət, kiçik və orta sahibkarlığın inkişafı, gənclər, media və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Qlobal miqyasda baş verən proseslərə təsiretmə gücü artan, BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində həyata keçirdiyi layihələrlə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın COP29-a uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna əlavə nailiyyətlər qazandırdı. Milli münaqişələrin, törədilən dəhşətli terrorların, Suriya hadisələrinin, Rusiya- Ukrayna , İsrail-Fələstin müharibəsinin hələ də davam etdiyi günlərdə əsas hədəfi dünyada sülhün, sabitliyin təminatı olan D-8-ə üzvlük ölkəmizin xarici siyasətinin daha bir uğurudur və qruma üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir. Ölkəmizin təşkilata üzvlüyü regionda təhlükəsizliyin və sabitliyin təminatına xidmət edəcək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında öz sözünü deyəcək.

Coğrafiyası üç qitəni əhatə edən, ÜDM-i 4 trilyon ABŞ dollarını aşan, 130 milyard dollar ticarət dövriyyəsini həyata keçirən, üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən (1,2 milyard nəfərdən çox) D-8-ə üzvlük ölkəmiz kimi, təşkilata da uğur qazandıracaq. Bu seçimi «Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük» ifadəsi ilə dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə şərik olduqlarını ürəkdən gələn xoş sözlərilə ifadə edən D-8-ə üzv dövlətlərin başçıları bildirdilər ki, Azərbaycanın sıramıza qoşulması İslam ölkələri arasında əlaqələrdə yeni səhifə açacaq.

Göründüyü kimi, son illərdə Azərbaycanın Afrikaya və Asiyaya doğru əlaqələrini genişləndirməsi davamlı xarakter daşıyır və xarici siyasətimizin prinsiplərinə tam uyğundur. Somali Federativ Respublikasının, Qvineya-Bisau Respublikasının prezidentləri Hasan Şeyx Mahmudun, Umaru Sisoku Embalonun ölkəmizə rəsmi səfərləri zamanı tərəflər arasında münaisibətləri daha da genişləndirmək əsas prioritet kimi müzakirə olundu. Pakistan və Qazaxıstan respublikalarının baş nazirləri Məhəmməd Şahbaz Şərifin, Oljas Bektenovun bu günlərdə Azərbaycana səfərləri, keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, diplomatik səylərinin İslam həmrəyliyinə sadiqliyinin ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»