14 mart 2025 13:05
225

YAP Masallı rayon təşkilatında partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında“Veteranlarımız” layihəsi çərçivəsində yubiley yaşında olan və ictimai proseslərdə aktiv iştirak edən partiya veteranları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdıraraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial  diplomatiyasının uğurudur.

Görüşdə Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.

Sonra partiya veteranlarından Fəxrəddin Talıbzadə, Əlihüseyn Şükürov və başqaları çıxış edərək  Yeni Azərbaycan Partiyasının şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırılıb. Bildirilib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib.

Görüşün sonunda yubilyarlar YAP Masallı rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.