14 mart 2025 12:54
85

Hazırda bütün dünyada dəyişikliklər gedir - Bolqarıstan xarici işlər naziri

Bu gün dünyamız geosiyasi təlatümlərlə üzləşir. II Dünya müharibəsindən sonra dünyada hərbi münaqişələr bu qədər çox olmayıb. Bu gün sürətli dəyişikliklər gedir. Sosial bərabərsizlik dərinləşir, siyasi müstəvidə ayrı-seçkilik baş verir.

“İki sahil” xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Georq Georqiev XII Qlobal Bakı Forumunun ikinci günündə keçirilən "Yeni dünya düzənində orta güclər" adlı panel sessiyada çıxış edərkən deyib.

Xarici işlər naziri baş verən bu hadisələrin qlobal düzənə, sülhə və rifaha təhdid olduğunu bildirib.

"Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır. Bolqarıstan həmişə çoxtərəfliliyi dəstəkləyir. Biz BMT-nin nizamnaməsi əsasında addımlar atırıq. Hazırda bütün dünyada dəyişikliklər gedir. Bolqarıstan hər zaman ümumi dəyərlərə və prinsiplərə dəstək olub. Biz, həmçinin Ukraynada dayanıqlı sülhü bərqərar etməliyik”.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji şaxələndirilməsində mühüm rol oynayır. “Bolqarıstan öz dayanıqlı səylərini bundan sonra da göstərəcək. Elə etməliyik ki, enerji təchizatımız dayanıqlı olsun, həmçinin iqlimə də zərər vurmasın", - deyə nazir vurğulayıb.