1995-ci ilin iyun ayından etibarən Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər qurulub. 1995-ci ildə Azərbaycan Şimali Makedoniyanı müstəqil dövlət olaraq tanıyıb. . Bu illər ərzində siyasi dialoq ardıcıl inkişaf edib, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühiti formalaşıb. Şimali Makedoniya Respublikası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Şimali Makedoniya Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyən Avropa ölkələrindən biri olub. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə davam edir. Azərbaycan və Şimali Makedoniya Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”. Azərbaycan Respublikası Balkan ökələri ilə xüsusən də, Şimali Makedoniya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikası ilə Şimali Makedoniya arasında arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
2015, 2016, 2017 və 2018- ci illərdə Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Son illər ikitərəfli siyasi dialoq yeni mərhələyə qədəm qoyub. Rəsmi səfərlər və siyasi məsləhətləşmələr bu istiqamətdə fəaliyyətin intensivləşməsindən xəbər verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın yaxın günlərdə Azərbaycana rəsmi səfəri buna sübutdur. Prezident İlham Əliyevin Prezident Silyanovska-Davkova ilə mətbuata bəyanatı zamanı qeyd etdiyi kimi, hər iki ölkə ikitərəfli münasibətlərin inkişafı istiqamətində fəal işləyir. 2023-cü ilin aprel ayında Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Şimali Makedoniya sahəcə kiçik ölkə olsa da, Şərqi Avropada strateji əhəmiyyətli mövqeyə malikdir və ölkə mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Ölkənin qitiadi coğrafi mövqeyinin əlverişli olması onun digər ölkələrlə iqtisadi əlaqələrinə müsbət təsir edir.
Ölkəmiz Avropa İttifaqı ilə, eyni zamanda Şimali Makedoniya Respublikası ilə uzun illərdir ki, enerji sahəsində fəal tərəfdaşlıq edir. Respublikamızın Avropa İttifaqı və onun üzv dövlətləri arasında əməkdaşlığın təməli 1999-cu il iyulun 1-də imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” əsasında qoyulub. 2011-ci ildə ölkələr arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması ölkələrarası əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradıb. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan təbii qazı Avropaya nəql edilir, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə töhfə verir. Azərbaycanın qaz ixracı İtaliya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin enerji təchizatını sabitləşdirir. Şimali Makedoniya hazırda Azərbaycan qazını alan ölkələr sırasına daxil edilir, Bu sahədə Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropanın Azərbaycan qazına ehtiyacı var”.
Artıq 30 ildir ki, Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələr davam edir. Bu mənada Prezident Qordana Silyanovska-Davkovanın Bakıya səfəri simvolik və əhəmiyyətli idi. Bu il etibarən müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək. Bir sözlə, prezidentlər İlham Əliyev və Qordana Silyanovska-Davkova arasında keçirilmiş görüş ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamaqla yanaşı, ölkələr arasındakı əlaqələrin tarixində yeni səhifə açır.
Nərmin Rüstəmova,
194 nömrəli tam orta məktəbin coğrafiya müəllimi