14 mart 2025 18:07
113

Dövlət Komitəsinin ötən il işğaldan azad edilmiş ərazilərdəki fəaliyyəti açıqlanıb

2024-cü ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad edilmiş ərazilərdə bir sıra rayon və kəndlərin vahid şəhərsalma əsaslandırma sənədlərini təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata görə, Ağdərə rayonu üzrə Suqovuşan və Umudlu kəndlərinin, Ağdam rayonu üzrə Salahlı Kəngərli, Güllücə və Göytəpə kəndlərinin, Kəlbəcər rayonu üzrə İstisu qəsəbəsinin, Zallar, Qamışlı, Otaqlı, Yanşaq və Çıraq kəndlərinin, Füzuli rayonu üzrə Horadiz və Qoçəhmədli kəndlərinin, Laçın rayonu üzrə Kürdhacı, Pircahan, Ərikli və Səfiyan kəndlərinin, Cəbrayıl rayonu üzrə Soltanlı, Karxulu, Yuxarı Mərcanlı, Cocuq Mərcanlı və Mehdili kəndlərinin, Qubadlı rayonu üzrə Həmzəli, Balasoltanlı və Diləli Müskənli kəndlərinin, Xocalı rayonu üzrə Malıbəyli kəndinin, Şuşa rayonu üzrə Turşsu qəsəbəsinin, Zəngilan rayonu üzrə Bartaz və Mincivan qəsəbələrinin, Qıraq Müşlan kəndinin vahid şəhərsalma əsaslandırmaları təsdiq edilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin qərarları ilə Kəlbəcər və Şuşa şəhərlərinin baş planları təsdiq edilib. Gəncə, Astara, Xudat, Ismayıllı, Qovlar, Liman, Göytəpə, Laçın və Qubadlı şəhərlərinin baş plan layihələrinin hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması, həmçinin Tovuz, Sumqayıt və Qusar şəhərlərinin qüvvədə olan baş planlarında dəyişikliklərin edilməsi ilə bağlı layihə işləri davam etdirilib.

Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdən 526 layihə sənədi daxil olub, onlardan 222 layihə sənədinə müsbət, 9 layihə sənədinə mənfi rəy hazırlanıb.