“İMZA” İctimai Birliyi Ağstafada şəhid ailələri üçün tibbi müayinə aksiyası həyata keçirib.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, əvvəlcə Ağstafa rayonu İcra Hakimiyyətində “İMZA” İB-in nümayəndələri ilə görüş keçirilib. Görüşdə İctimai Birliyin bu təşəbbüsü yüksək qiymətləndirib və nəcib, xeyirxah iş adlandırılıb.
Sonra tibbi müayinə və müalicə aksiyasının keçirildiyi Ağstafadakı “Ailə” klinikasında şəhid ailələri üzvləri ilə qısa görüş baş tutub. “İMZA” İctimai Birliyi sədrinin səhiyyə məsələləri üzrə müşaviri, layihənin rəhbəri, Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-ginekoloq Aynur Pənahova çıxış edib.
O bildirib ki, şəhidlərimizin əmanəti olan ailə üzvlərinə sahib çıxmaq bizim həm vəzifə, həm də mənəvi vicdan borcumuzdur. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva cəmiyyətimizin hər bir fərdinin şəhid ailələrinə diqqət və qayğı göstərməsinin zərurətini dəfələrlə qeyd ediblər. İndiyə kimi də belə layihələri həyata keçirdiklərini ifadə edən A.Pənahova bu dəfə Ağstafada şəhid ailələrinin üzvləri olan pasiyentlərə ən yüksək standartlar səviyyəsində xidmət göstərəcəklərini deyib. Erkən ginekoloji müayinə bir çox xəstəliklərin vaxtında aşkarlanıb, daha tez müalicəsinə imkan verir. Ona görə də bugünkü aksiya bu baxımdan da faydalı olacaq.
“İMZA” İB sədrinin təşkilati məsələlər üzrə köməkçisi Gülçin Zeynallı İctimai Birliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz sosial mahiyyətli layihələri həyata keçirmək, dəstəkləmək olduğunu deyib və bugünkü aksiyanın bu baxımdan da önəminə diqqət çəkib.
Sonda İMZA İB rəhbərliyi adından təşkilati işlərə verdikləri dəstəyə görə Ağstafa rayonu İcra Hakimiyyətinə, o cümlədən də TƏBİB-ə minnətdarlıq ifadə olunub. Ardınca şəhid ailə üzvlərinin müayinə və müalicə prosesi gerçəkləşdirilib. Pasiyentlər prosesdən və ümumiyyətlə, bu nəcib təşəbbüsdən razlıqlarını ifadə ediblər. Vurğulayıblar ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onların qayğısına qalıblar. Şəhid ailələri dövlətimizin və cəmiyyətimizin onlara göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürlərini çatdırıblar.