14 mart 2025 22:20
89

Ermənistanın sülhlə bağlı iddialarının pərdəarxası gizlinləri

Sülh prosesinin normal məcrada davam etməsi üçün Ermənistan Konstitusiyasında dəyişikliklər etməli, sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalıdır. Eləcə də Zəngəzur dəhlizi açılmalı, Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub. Ancaq Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır. Azərbaycan tərəfinin mövqeyi belədir ki, torpaqlarımızın işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi regional geosiyası zərurətdir. Rəsmi İrəvan nəhayət anlamalıdır ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən, eləcə də ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən keçir.  

Ermənistanla Azərbaycan arasında sülh prosesinin məntiqi sonluqla yekunlaşması üçün sülh müqaviləsi imzalanmalı, Hayastanın ölkəmizə qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyanı dəyişdirmədən, həmçinin Azərbaycana qarşı ərazi iddialarının yer aldığı normativ-hüquq sənədlərdə dəyişiklik etmədən rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Çünki Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ən əsası da odur ki, Ermənistan Konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb.

 Gerçəklik odur ki, Ermənistan özünü “sülh göyərçini” kimi qələmə versə də əslində həm diplomatik müstəvidə Azərbaycana qarşı həmlələrini davam etdirir, həm də sürətlə silahlanır, müharibəyə hazırlaşır.

Bu mənada Avropa İttifaqı- Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 2025-ci il fevralın 25-də keçirilmiş iclasında qəbul edilmiş yekun sənədi diqqəti daha çox çəkir. Əslində Avropa və Ermənistan parlamentləri tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin başladılmasına xidmət edir. Militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.

Bütün bunlar bir daha göstərir ki, rəsmi İrəvanın sülh haqqında iddiaları müharibəyə hazırlığı pərdələmək üçündür. Baş nazir Nikol Paşinyanın son zamanlardakı açıqlamaları bir daha göstərir ki, Ermənistanın sülh prosesi ilə bağlı bəyanatları tamamilə saxtadır. Çünki rəsmi İrəvan son illərdə xarici ölkələrlə bir neçə milyard dollarlıq silah müqavilələri imzalayıb, öz hərbi sənayesinə bir neçə yüz milyon dollar dəyərində sifarişlər verib.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışında bu məsələlərə toxunaraq Ermənistanın sülh prosesində əsl irəliləyiş əldə etmək üçün atmalı olduğu addımları açıqlayıb. Prezident bəyan edib ki, ilk növbədə, Ermənistan Konstitusiyasını dəyişdirməli və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialara tamamilə son qoymalıdır. Ermənistanın mövcud Konstitusiyası hələ də Azərbaycanın suverenliyini tanımayan, ərazi iddialarını özündə ehtiva edən müddəaları saxlayır və bu, sülh prosesinin qarşısındakı ən böyük maneələrdən biridir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Forum çərçivəsində jurnalistlərə açıqlamasında sülh sazişinin mətninin razılaşdırılmasının başa çatdığını bildirib. Eyni zamanda qeyd edib ki, mətn üzrə danışıqlar prosesi başa çatsa da, bu, sazişin imzalanması demək deyil. O, vurğulayıb ki, Ermənistan son iki açıq qalmış maddə ilə bağlı Azərbaycanın təkliflərini qəbul etdiyini rəsmi kanallar vasitəsilə təsdiqləyib və nəticədə mətn üzərində iş tamamlanıb. Lakin bu, avtomatik olaraq sülhün təmin olunması demək deyil.

Bütün bunların fonunda demək olar ki, sülh prosesinin normal məcrada davam etməsi üçün sülh ilə bağlı Azərbaycanın tələbləri nəzərə alınmalı, Ermənistan Konstitusiyasında dəyişikliklər etməli, sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalıdır. Eləcə də Zəngəzur dəhlizi açılmalı, Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır.

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov qeyd edib ki, sülh ilə bağlı kifayət qədər ciddi proseslər getməkdədir: “Əsas məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi, Ermənistanın Konstitusiyasının dəyişidirlməsi, ATƏT-in Minsk qrupunun buraxılması, eləcə də sülh müqaviləsində açıq qalan maddələr razılaşdırılmalıdır. Həmçinin Azərbaycan-Ermənistan sərhəddində üçüncü qüvvələr geri çəkilməlidir”.

İ.Hüseynov qeyd edib ki, hazırda Ermənistanın sürətlə silahlanması, sülh prosesinə gölgə sala biləcək addımlar atması müşahidə edilməkdədir. Rəsmi İrəvan müxtəlif ölkələrdən silahlar almaqda davam edir: “Təbii ki, bütün bunlar sülhə xidmət etmir, əksinə təhlükəsizlik təhdidlərini gücləndirir, regionda gərginliyi artırır. Bir daha demək istəyirəm ki, Ermənistan pozucu, destruktiv addımlara son qoymalı, sülh ilə bağlı konkret siyasi iradə nümayiş etdirməlidir. Məsələ bəyanatlar müstəvisindən çıxıb əməli-praktiki müstəviyə keçməlidir. Aydındır ki, Zəngəzur dəhlizinin açılması, iqtisadi fəaliyyət də sülhü, əmin-əmanlığı və təhlükəsizliyi möhkəmləndirəcəkdir. Gerçəklik odur ki, bütün müharibələr, gərginliklər sülh masası arxasında bitir. Ona görə də iki ölkə arasında tarixi sülhün əldə edilməsi üçün mövcud fürsətlərdən maksimim dərəcədə istifadə etmək çox önəmlidir”.

Zahid Rza, “İki sahil”