14 mart 2025 22:19
100

Bakıdan dünyaya…

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətdəki rolunu geniş perspektivdə əks etdirir.  Nələri fərqləndirə bilərik?
Birincisi, 
Azərbaycan Respublikasının qlobal siyasi rolu və diplomatik manevr yetənəyi diqqəti cəlb edir.
Ölkəmizin qlobal miqyasda artan nüfuzunu və Qoşulmama Hərəkatı çərçivəsindəki sədrliyini vurğulayaraq, ölkənin həm Qlobal Quzey, həm də Qlobal Güney arasında körpü rolunu oynadığı danılmaz faktdır. Özü də, elə bir körpü ki, o, alternativlərin ən yaxşısıdır.
Burada diqqət çəkən məqam, Azərbaycanın böyük güclər arasında dəngə siyasəti apararaq müstəqil mövqeyini qorumasıdır. Örnəyi, COP29-un uğurlu keçirilməsi bu strategiyanın praktik sonucu kimi təqdim olunmağı haqq edir.
İkincisi,
Enerji geosiyasəti və yaşıl keçid mövzusuna toxunaq. Prezidentin çıxışında Azərbaycanın enerji siyasəti iki əsas istiqamət üzrə incələnir: 
ənənəvi enerji resurslarının ixracının genişləndirilməsi və 
bərpa olunan enerjiyə keçid. 

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, həmçinin Xəzər regionundan Avropaya yaşıl enerji nəqli məsələləri ölkənin strateji önəmini, əlbəttə, artırır. Burada maraqlı məqam odur ki, Azərbaycan bir tərəfdən neft-qaz ölkəsi olaraq tanınır, digər tərəfdən isə yaşıl enerji sahəsində iddialı hədəflər müəyyən edir. Bu iddianın heçdən yaranmadığı, onun arxasında doğal imkanların, siyasi iradənin durduğu bilinən doğrulardandır.
Üçüncüsü,
Batının tənqidləri və geosiyasi gərginliklər də Prezidentin nitqində özəlliklə fərqləndiriləcək məqamlardandır.
Prezident Əliyevin nitqində ABŞ və Fransa kimi Batılı dövlətlərin Azərbaycana qarşı apardığı kampaniyalar sərt şəkildə tənqid edildi. Özəlliklə, COP29 ətrafında gedən informasiya savaşı və Batının bir çox media orqanının Azərbaycanı hədəfə alması vurğulandı. Bu, Azərbaycanın dış informasiya məkanında getdikcə daha sistemli müdafiə strategiyasına keçə biləcəyini göstərir. 

Ermənistanla münasibətlər və regional barışın gələcəyi dördüncü istiqamətdir.

Prezident Əliyevin çıxışı Ermənistanla davam edən danışıqlara da toxunur. Ermənistanın yeni müharibəyə hazırlaşdığı iddiası və Batının (özəlliklə Fransanın) Ermənistana hərbi dəstək verməsi ilə bağlı tənqidlər diqqət çəkir. Bununla yanaşı, Azərbaycan tərəfinin barışcıl təşəbbüsləri, lakin Ermənistanın güvənsizliyi, əlbəttə, öz qiymətini almalıydı, aldı da. Bu isə Azərbaycan diplomatiyasının gələcək strategiyasına işarə edir: Ermənistanla barışıq sürəcində əsas tələb kimi onun Ana Yasasından ərazi iddialarının çıxarılması göstərilir.

Beləliklə,
Azərbaycanın xarici siyasəti yeni dönəmə qədəm qoyur. Ölkə, bir tərəfdən, geosiyasi manevrlərini artırır, digər tərəfdən, informasiya savaşında daha aktiv rol oynayır. Prezident Əliyevin çıxışı, Azərbaycanın yalnız enerji siyasəti ilə deyil, həm də diplomatik və təhlükəsizlik məsələləri ilə regional və qlobal gündəmdə ön planda olmağa çalışdığını göstərir. Dövlətimizin gələcək xarici siyasətində əsas xətt dəngəli, çoxvektorlu strategiyanın davam və inkişaf etdirilməsi ola bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI