15 mart 2025 12:55
103

XII Qlobal Bakı Forumu: Dünya Azərbaycanın haqlı mövqeyinə bir daha şahid olur

XII Qlobal Bakı Forumu dünən öz işinə başladı. Qlobal çağırışların, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu XII Qlobal Forum beynəlxalq miqyasda diqqət mərkəzindədir. Forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında çox sayda mötəbər qonağı biraraya gətirib. 

Forumda hazırki və keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Eyni zamanda Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin nümayəndələri hazırda paytaxtımızda səfərdədirlər. Ümumilikdə 400-dən çox nümayəndənin iştirak etdiyi forum geniş bir spektri əhatə edir.  Forumun gündəliyində dayanan məsələlər istər regional, istərsə də beynəlxalq müstəvidə böyük əhəmiyyət daşımaqdadır. 

Müasir dünya düzəni  çağımızda  çətin bir mərhələdən keçir. Yaranan münaqişə ocaqları,  müharibələr,  müharibələrin gətirdiyi insan fəlakətləri, qanunsuz və məcburi miqrasiyalar, fikir ayrılıqları və toqquşan maraqlar və s. bu kimi məsələlər bu günkü qlobal gündəmin ana mövzularıdır. Dünya seçim qarşısındadır. Daha təhlükəsiz və ədalətli nizama nail olmaq üçün müasir dünya optimal yollar axtarmalıdır. Bütün bu məsələlərin müzakirə olunduğu  XII Qlobal Bakı Forumu elə bu baxımdan da yanaşdıqda  qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bunu da xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan artıq 12-ci dəfədir ki,  bu platformanı qlobal müzakirələrə təqdim edir.

 Prezident İlham Əliyev, Forumun açılışında bu  beynəlxalq miqyaslı, nüfuzlu nümayəndələrin iştirak etdiyi tədbirdə Azərbaycanın mövqeyi barədə növbəti dəfə açıq və konkret mesajlar verdi. Cənab Prezidentin çıxışımın bütün detalları Azərbaycanın dəyişməz mövqeyini bir daha ortaya qoyaraq, həyata keçirtdiyi dünyəvi siyasət, dünyaya və bölgəyə sülh və əmin-amanlıq, sabitlik çağırışı idi. 

Prezident İlham Əliyev  Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyət mərkəzinə  çevrildiyinə diqqət çəkdi. Başda Fransa olmaqla bir çox maraqlı tərəflərin yeni müharibələrə hazırlaşaraq  Ermənistanı silahlandırdıqlarını açıq şəkildə bəyan edən Prezident İlham Əliyev,  təkzibedilməz  faktlar gətirərək, erməni diasporunun əlində oyuncağa çevrilən Fransanın və digərlərinin timsalında bu gün Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrin mövcud olduğunu vurğuladı. 

Maraqlı cəhətlərdən biri də budur ki, forumun gedişatında qonaq iştirakçılar tərəfindən  irəli sürülən fikirlər də  Azərbaycan  dövlət başçısının açıqladığı fikirlərlə üst-üstə düşürdü. Bu fakt isə, onu deməyə əsas verir ki, dünyanın böyük əksəriyyəti  Azərbaycanın mövqeyini və rəsmi Bakının yaratdığı yeni reallıqları qəbul edirlər, yeni dünya düzəninin  formalaşmasında rəsmi Bakının nüfuzlu mövqeyi ilə hesablaşır, ona etimad edirlər.

Jalə Əliyeva
Millət vəkili, 
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri
komitəsinin sədr müavini