Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması dünyaya təqdim etdiyimiz inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Belə ki, geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlər və qarşıdurmaların şiddətləndiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Dünyada Şərq-Qərb qarşıdurmasının pik həddə çatdığı bir mərhələdə Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Martın 13-15 tarixlərində də keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, dövlət başçımızın çıxışında əksini tapan çağırışlar, aparılan müxtəlif müzakirələr, verilən tövsiyyələr hazırkı dünya düzənində olduqca aktual mövzulara həsr olunub. Bu baxımdan forumun işi olduqca əhəmiyyətlidir və hazırkı vəziyyətdə baş verən bir sıra ciddi geopolitik hadisələrin fonunda yüksək peşəkarlıqdan xəbər verir.
Dövlət başçısı İlham Əliyev forum çərçivəsində çıxışı zamanı çox əhəmiyyətli bir mövzunu enerji siyasəti və yaşıl transformasiya məsələsini xüsusilə qeyd etdi. Prezident İlham Əliyev tərəfindən vurğulanan enerji təhlükəsizliyi ilə əlaqədar siyasət tədbirləri beynəlxalq müstəvidə də aktuallıq daşıyır. Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə Azərbaycanın məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin Bakıya yönəlməsinə səbəb olub.
Sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “yaşıl iqtisadiyyat” siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətində ana xətlərdən birini təşkil edir. Enerji ölkəsi kimi tanınan Azərbaycanın “ənənəvi enerji” resurslarından “yaşıl enerji”yə keçidi son illər ərzində sürətli şəkildə həyata keçirilir. Xarici investisiya üçün cəlbedici hesab edilən yaşıl enerjiyə Azərbaycan hökuməti tərəfindən əlverişli mühit formalaşdırılıb. Baxmayaraq ki, Azərbaycan faydalı qazıntılarla zəngindir, amma bərpaolunan enerjiyə keçid siyasəti strateji məsuliyyət kimi təqdim olundu. Dövlətimizin başçısı qeyd etdi ki, 2030-cu ilə qədər 6.5 giqavat əlavə enerji gücü günəş, külək və hidroresurslardan əldə olunacaq. Bu yanaşma təkcə daxili enerji balansını dəyişmək deyil, həm də ölkənin ixrac portfelini genişləndirmək məqsədi daşıyır.
Burada məqsəd yalnız neft və qazla deyil, həm də yaşıl enerji ilə dünya bazarlarında iştirak etməkdir. Bu isə həm iqtisadi gəlirlərin diversifikasiyasına, həm də beynəlxalq reputasiyanın yüksəlməsinə xidmət edir. İmzalanmış müqavilələr və real investisiya layihələri bu məqsədlərin reallaşmasına əsaslı zəmin yaradır. Azərbaycanın hazırda 12 ölkəyə, əsasən Avropa dövlətlərinə təbii qaz ixrac etməsi ölkənin enerji diplomatiyasını real nəticəyə çevirmişdir.
Bütövlükdə, XII Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimul verəcək, Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək.
Anar Məmmədov,
Milli Məclisin deputatı