15 mart 2025 18:31
96

Naxçıvanda 118 mindən çox tingin əkilməsi, 58 hektarda isə yeni bağların salınması nəzərdə tutulub

Naxçıvanda 4,5 hektar sahədə 3 min tut, badam və alma tingləri əkilib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ilk ağacəkmə aksiyasında məlumat verib.

Nazir qeyd edib ki, cari il ərzində muxtar respublikada 408 hektarda 118 mindən çox tingin əkilməsi, 58 hektarda isə yeni bağların salınması nəzərdə tutulub.

Aksiya çərçivəsində Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarındakı 2,5 hektarlıq ərazidə yeni tut bağı salınıb, ötən il əkilən 2 hektarlıq ərazidə isə bərpa işləri aparılıb.

Həmçinin, Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ötən il ərazidə salınmış mövcud tut bağına da baxış keçirib, ərazidəki ağaclar suvarılıb, ekokönüllülərlə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyasında nazir və səlahiyyətli nümayəndə ilə yanaşı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, ekokönüllülər, eləcə də ictimaiyyət nümayəndələri də iştirak ediblər.