Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksələn kapitan Sənan Kərimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi liseyin zabit və kursantlarının, şəhidin ailə üzvləri və yaxınlarının iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər kapitan Sənan Kərimovun xidmət yolundan, döyüşlərdə göstərdiyi igidliklərindən danışaraq şəhidimizlə bağlı xatirələrini bölüşüblər, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Anım mərasimi çərçivəsində şəhid kapitan S.Kərimovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, üzərinə gül düzülüb, ruhuna dualar oxunub, xatirə fotosu çəkdirilib.