Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycanda rəsmi səfərdə odu. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında müxtəlif məsələlərlə bağlı müzakirələr aparıldı.
Tədbirdə əsas müzakirə mövzuları Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, energetika sahəsində əməkdaşlıq, Xəzər üzərindən keçən Orta Dəhliz, ikitərəfli əlaqələrin inkişafı, eləcə də təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi olub. Görüş zamanı Orta Dəhliz layihəsi və Azərbaycanın bu layihədə rolu, ölkələr arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin “yaşıl enerji” ilə bağlı əməkdaşlığa diqqət yetirilib. Bundan əlavə, ölkəmizdə COP29-un yüksək səviyyədə təşkil edildiyi və tədbir çərçivəsində iqlim gündəliyi ilə bağlı mühüm nailiyyətlərin əldə olunduğu da vurğulanıb. Ölkə başçısı almaniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayaraq bildirib: “Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində.
İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”. Prezidentin bu bəyanatı, rəsmi İrəvanın sülh sazişi ilə bağlı yaydığı anti-Azərbaycan təbliğatına əsaslı cavab olub.Görüş zamanı iki ölkə arasındakı humanitar əlaqələrə toxunulub. Azərbaycandakı alman icmasının tarixi və onların kənd təsərrüfatının inkişafına verdiyi müsbət töhfələrdən danışılıb. Frank-Valter Ştaynmayer Almaniya şirkətlərinin Azərbaycanın neft hasilatı və enerji sisteminin formalaşmasında rolunu qeyd edib. O, həmçinin qarşılıqlı iqtisadi əməkdaşlığın perspektivlərini və hər iki ölkənin beynəlxalq hüquq normalarına sadiqliyini vurğulayıb. Almaniya Avropa İttifaqının əsas ölkələrindən biridir və onun Cənubi Qafqaza olan marağı bu regionda sülh, sabitlik və əməkdaşlıq imkanlarının artmasına kömək edə bilər. Həmçinin qeyd etmək yerinə düşər ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və dinamik inkişafının bariz nümunəsidir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr, iki ölkə arasındakı əlaqələrin daha da güclənməsinə mühüm təsir göstərəcək və gələcəkdə inkişaf üçün geniş imkanlar yaradacaq.Xatırladaq ki, Ştaynmayer hələ Almaniyanın xarici işlər naziri olarkən, 2014-cü ildə də Bakıda səfərdə olmuşdu. Lakin ölkə prezidenti olaraq bu onun Azərbaycana ilk səfəridir. Buna qədər isə Almaniya rəsmilərindən yalnız kansler Angela Merkel 2018-ci ilin avqustun 24-də Bakıda səfərdə olub. Əlavə olaraq, qeyd edək ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Belə ki, 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin il fevralın 20-də diplomatik münasibətlər qurulmuş, altı ay sonra, sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi fəaliyyəyə başlamışdır. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq artan xətt üzrə inkişaf etmişdir.
Firuzə Məmmədova,
Xətai rayonu 260№li tam orta məktəbin Tarix müəllimi