08 aprel 2025 16:51
281

Azərbaycanın  enerji diplomatiyası beynəlxalq  aləmin diqqət mərkəzindədir

Aprelin 4 – də  Bakıda “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları 2025-ci ilin mühüm beynəlxalq tədbirlərindən biri kimi böyük önəm kəsb edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.  Builki Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 11-ci  toplantısına  Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi. Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə baş tutan bu toplantılar enerji təhlükəsizliyi, regional əməkdaşlıq və bərpaolunan enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji siyasətində mühüm strateji mərhələ kimi dəyərləndirilən nazirlərin bu görüşü regionun, o cümlədən Avropanın ölkəmizin enerji resurslarına təlabatının getdikcə artacağını göstərir. Avropanın enerji təminatında yeni və etibarlı alternativ mənbə olan Azərbaycan özünün mavi qaz hasilatını artırmaqla daha çox ölkəni enerji ilə təmin etmək iqtidarında olduğunu sübut etməkdədir.   Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan Avropaya 2021-ci ildə təxminən 8 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib. Bu rəqəm Avropanın ümumi istehlakında o qədər də böyük görünməsə də, bir çox ölkələr, xüsusilə alternativ mənbələrə çıxış imkanları zəif olan Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazı böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən toplantısında çıxış edərək Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynadığı qeyd olunub.        

        Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə – 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə Azərbaycan qazını çatdırır. Qaz təchizatının coğrafiyası isə durmadan genişlənir, son bir il ərzində daha 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib və bu artım tendensiyası davam edir. Ölkəmiz Pan-Avropa qaz təchizatçısına çevrilib, dövlətimizin fəal enerji siyasəti nəticəsində SOCAR-ın hasilat, nəql və çatdırılma sahəsində rolu daha da güclənir.  Bəli, indi enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlaşdırılması beynəlxalq maliyyə institutlarının dəstəyi ilə mümkün olub. Yaşıl gündəliyin sürətlənməsi ilə paralel olaraq, Azərbaycan bərpaolunan enerji sektorunda ciddi addımlar atır. İndiyədək imzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı nəzərdə tutulur. Bu investisiyalar daxili təbii qaz istehlakının azalmasına və qazın ixrac üçün yönləndirilməsinə imkan verəcək. Sevindrici faktdır ki, Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavatlıq su elektrik stansiyası qurulub, yaxın illərdə bu rəqəm 500 meqavata çatdırılacaq. Beləliklə, 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerji istehsalı gücü 6,5 giqavata çatacaq. Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsinin texniki əsaslandırma mərhələsi yekunlaşmaqdadır. Layihə maliyyələşmə mərhələsinə keçdikdən sonra regionun enerji xəritəsində yeni səhifə açılacaq.

Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas oyunçulardan birinə çevrilib: “Prezident Əliyevin vurğuladığı kimi, bu layihə təkcə nəqliyyat marşrutu yaratmaqla məhdudlaşmır, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasını təmin edərək Avropanın enerji təchizatında yeni səhifə açır.Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri