Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Ulu öndər Heydər Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında xidmətlərini saymaqla qurtarmaq mümkün deyil. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən ulu öndər Heydər Əliyev qarşıya çox mühüm vəzifələr qoymuş və müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edəcək. Əsas Qanunun xalqın iradəsinə söykənməli olduğunu bildirib. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən çox mühüm məqamlardan biri də dövlət dilinin necə adlandırılması məsələsi olmuşdur. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, lakin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Liderin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirə salınmaz tədbirlər nəticəsində milli ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu.
Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dahi öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmışdır. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin təxribatlarının qarşısını ala bilmişdir. Sonrakı dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın güdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.
Yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. Ulu öndərimizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, bir sözlə tarixinə həkk olunmuşdur.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı