16 mart 2025 09:15
171

Dünya nizamı artıq mövcud deyil - TƏHLİL

Prezident İlham Əliyev martın 13-də Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısı həmin müsahibədə bir sıra məsələrə aydınlılq gətirib. 

Əvvəlcə müxbirin müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən XII Qlobal Bakı Forumu ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır”. 
Daha sonra digər sualları cavablandıran Prezident İlham Əliyev dünya nizamından söz açıb və artıq dünya nizamının mövcud olmadığını dilə gətirib. Bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir deyən dövlətimizin başçısı bu vəziyyətdən çıxış yolunu da göstərib: “...hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”. Prezident, ölkələrin beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsinin olduğunu da sözlərinə əlavə edib. 
Dövlətimizin başçısı, həmçinin milli maraqlarımız məsələsində ölkəmizin heç kəsə və ya heç bir təsisata arxalanmadığını “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə bir daha çatdırıb. Bu xüsusda o, digər dövlətlərə belə bir mesaj da verib: “Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
Bu kimi məsələlərə Azərbaycan formatından yanaşan Prezident bildirib ki,  ölkəmiz öz siyasətini bu şəkildə qurub və təcrübəmizin də uğurlu olması sübuta yetirilib: “Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”. Şübhəsiz, bütün bunlar ölkəmizin inkişafının düşünülmüş şəkildə aparıldığını bir daha təsdiq edir. 
Onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olduğunu  bildirən Prezident İlham Əliyev  növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmasını, sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağı, baş verən böhranlardan regionumuzun qorunmasını günün tələbləri kimi diqqətə çatdırıb: ”Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.
Prezidentin fikrincə, bu gün dünya düzəninin həqiqi sülhə çox böyük ehtiyacı var. Buna belə bir misal da göstərib. Qeyd edib ki,  otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi: “Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir”. İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, hələ də bizim Ermənistanla sülh müqaviləmizin olmadığını xatırladan dövlətimizin başçısının fikrincə, bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür: “Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”. Şübhəsiz, eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar.
Dövlətimizin başçısı, həmçinin təəssüflə vurğulayıb ki, hazırda münaqişələrin sayı artmaqdadır, yalnız  Qarabağda olan münaqişə öz həllini tapıb. Özü də bu  beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. 
ABŞ-la bağlı məsələyə toxunan Prezident İlham Əliyev sözügedən ölkənin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirdiyimizi vurğulayıb: “Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”