14 mart 2023 16:30
792

Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir - FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mini futbol” turnirinin keçirilməsində məqsəd gənclər arasında müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinin təbliğ olunması, həmçinin rayon gənclərinin “Sağlam bədəndə sağlam ruh olar” prinsipi əsasında öz asudə vaxtlarını səmərəli keçirməsinin təşkil edilməsidir.

“İki sahil” xəbər verir ki, turnirin açılış mərasimində YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Hümbət Əhmədov, Yevlax Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli, Şəhid atası Fərman Kazımov, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin məsul əməkdaşları, rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib.  “Mini-futbol” üzrə rayon turnirinin açılış mərasimi baş tutub.

Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev ilk öncə turnir iştirakçılarını salamlayaraq, onlara maraqlı mübarizə və uğurlar arzulayıb, qeyd etdi ki,  Dahi Şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu məkan və zaman anlayışına sığmır. Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müstəqil,qüdrətli Azərbaycanın timsalında öz təsdiqini tapır və əvəzolunmaz Liderin müdrik ideyalarının əbədiyaşar olduğunu sübuta yetirir.Ümummilli Liderimizin qurucu və xilaskar obrazını heç zaman unutmayan qədirbilən xalqımız daim böyük şəxsiyyətimizin əziz xatirəsini böyük ehtiramla anır, sevir və yaşadır.

Daha sonra Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Hümbət Əhmədov, Yevlax Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Şəhid atası Fərman Kazımov, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli öz çıxışlarında vurğulayıblar ki, bu bir həqiqətdir və qürurlu hadisədir ki, böyük  türk dünyasının dahi oğlu Heydər Əliyev ümumilikdə dünyanın tarixi şəxsiyyətləri sırasında öz layiqli yerini tutub. Azərbaycanı uçurumun kənarından xilas edib, müstəqillik yoluna qovuşduran Liderin ruhu bugün şaddır! Ona görə ki, Heydər Əliyevin bənzərsiz ideyaları Müzəffər Prezident, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hər il qələbədən-qələbəyə imza atır.

Sonda Yevlax mədəniyyət işçilərinin ifasında vətənpərvərlik ruhunda mahnılar ifa olunmuş, “Mini futbol” turnirinin ilk oyunlarına start verilmişdir.