1995-ci ilin martında daxili və xarici dairələrin hazırladıqları plana uyğun ölkəmizdə törədilən dövlət çevrilişinə cəhdin qarşısı ulu öndər Heydər Əliyevin müdrikliyi, xalqımızın birlik və həmrəyliyi ilə alındı
«Müstəqillik yolu qədər çətin yol yoxdur… Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərini qüdrətli dövlət xadimi kimi siyasi fəaliyyəti ilə doğruldan ulu öndər Heydər Əliyev həqiqi mənada müasir, müstəqil Azərbaycanın qurucusu kimi tarixi nailiyyətlərimizin müəllifidir. Özünün də dəfələrlə bildirdiyi kimi, qanı, canı bahasına da olsa suverenliyimizi qoruyan Ulu Öndərin Azərbaycanın gələcəyi naminə göstərdiyi xidmətlər xalqımızı birlik və həmrəyliyini gücləndirdi.
Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə muxtar respublikada yaranan gərgin vəziyyətin aradan qaldırılması, Ermənistanın təcavüzünün qarşısının alınması üçün iradə, qətiyyət göstərən Ulu Öndər ictimai-siyasi mühiti gərginləşdirən, mənəvi-psixoloji vəziyyət yaradan daxili qüvvələrə qarşı xalqla birlikdə mübarizə aparırdı.
1992-ci ilin 18 sentyabrında Naxçıvan MR Ali Məclisinin sessiyasında o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün formalaşdırdığı silahlı dəstələrin ləğv olunması, onların qanunsuz yollarla əldə etdikləri döyüş sursatlarının muxtar respublika ərazisində yerləşən hərbi hissələrə təhvil verilməsi barədə qərar qəbul edildi. Lakin azğınlaşmış, o dövrdə respublikaya rəhbərlik edən, dövlət orqanlarında çalışan himayədarlarına arxayınlaşan pozucu dəstələr bu tələbləri yerinə yetirməkdən imtina etdilər. Əksinə, həmin silahlardan xalqa qarşı, dövlət çevrilişinə cəhddə istifadə etdilər.
Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan vilayət şöbəsinin silahlı dəstələrinin 24 oktyabr 1992-ci ildə Naxçıvan şəhərində törətdikləri dövlət çevrilişinə cəhdin qarşısını alan Ulu Öndər təcrübəli dövlət xadimi kimi müdriklik göstərdi. Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin binalarını zəbt edən başıpozuq dəstələr Ali Məclisə hücüm etməkdən belə çəkinmədilər. Yaranan qanuna zidd, təhlükəli vəziyyətlə bağlı o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərliyə məlumat verən muxtar respublika Ali Məclisnin Sədri Heydər Əliyevin lazımi tədbirlərin görülməsi ilə bağlı xəbərdarlığı da iqtidarda olan AXC-Müsavat cütlüyünün başçıları tərəfindən nəzərə alınmadı. Bundan sonra Ali Məclisin binası qarşısında çıxış edən ulu öndər Heydər Əliyevin çağırışına bir nəfər kimi səs verən insanların birliyi ilə silahlı dəstələrin sabitliyi pozmaq cəhdlərinin qarşısı alındı.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi daxili və xarici düşmənlərimizi narahat edirdi. 1994-cü ilin sentyabrında Ulu Öndərin şəxsi nüfuzu, dövlətçilik təcrübəsi sayəsində «Əsrin müqaviləsi»” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə respublikanın daxilində sabitliyin bərqərar olunmasında, xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də niyyətlərinə çata bilmədilər.
1992-ci il hadisələrində xalqın inanıb, ətrafında birləşdiyi lideri ilə həmrəyliyindən dərs almayan qaragürühçular bu dəfə Bakıda, 1994-cü ilin oktyabrında dövlət çevrilişinə qəsd planlarını həyata keçirməyə cəhd etdilər. Növbəti dəfə pozucu əməllərini təkrar edərək dövlət strukturlarına qarşı hücumlar təşkil etdilər. Bu dəfə də daxili və xarici dairələrin birgə hazırladıqları məkrli planların qarşısı müdrik siyasətçi Heydər Əliyevin qətiyyəti, dəyanəti, xalqın yekdil dəstəyi ilə alındı. Gecə yarısı ayağa qalxan xalq Prezident Sarayının qarşısında toplaşaraq dövlətçiliyini, hüquqlarını, gələcəyini müdafiə edərək qiyamçılara layiqli dərs verdi. «Qanuni dövlət orqanlarını devirməyə, siyasi hakimiyyəti zorakılıqla dəyişdirməyə növbəti cəhd 1995-ci ilin martında göstərildi. Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını aldı. Bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi. Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi» söyləyən ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində tarixi nailiyyətimiz olan müstəqilliyimiz qorundu.
1995-ci ilin mart ayının 13-17 tarixlərində daxili və xarici qüvvələrə xidmət edən qeyri-qanuni silahlı birləşmələr, nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd planlarını həyata keçirməyə çalışdılar.
Respublikaya rəhbərliyinin qısa dövründə Azərbaycanı siyasi , iqtisadi blokadadan çıxaran, ölkədə pozulmuş qanunları bərpa edən ictimai-siyasi sabitlik yaradan Ulu Öndərin respublikada, dünyada artan nüfuzundan qorxan xarici qüvvələr daxili antimilli xəyanətkarlardan istifadə edərək vətəndaş qarşıdurmasına səbəb olacaq məkrli planlarını həyata keçirməyə çalışdılar. «Əsrin müqaviləsi»nin imzalanmasına qısqanclıqla yanaşan dairələr Azərbaycanın gələcəkdə qüdrətli dövlət olmasına hər vasitə mane almağa çalışırdılar.
«OMON» adlanan Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) Qazax və Ağstafa bölməsinin «paqonluları» tərəfindən dövlət idarələrinə silahlı hücumlar təşkil edildi. Qiyamın qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınsa da 16-17 mart tarixlərində Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevriliş cəhdləri davam etdirildi. Respublikada ictimai-siyasi vəziyyətin daha da ağırlaşmaması üçün bütün vasitələrdən istifadə edən, müdriklik göstərən Ulu Öndər müxtəlif səviyyələrdə danışıqların aparılması yolu ilə silahlı qarşıdurmanın qarşısının alınmasına çalışdı. Lakin XTPD-nin başçısı Rövşən Cavadovun və o zaman paytaxtın Xətai rayonunun prokuroru olan qardaşı Mahir Cavadovun başçılıq etdikləri silahlılar daha da azğınlaşaraq hətta dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.
Yaranan vəziyyətlə bağlı martın 15-də respublika televiziyası ilə xalqa müraciət edən dövlət başçısı Heydər Əliyev Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara dövlətçiliyimizə zidd əməllərindən əl çəkmələri barədə xəbərdarlıq etdi, onların əfv olunacaqlarını bildirdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla danışıqlar aparılmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə olunmuşdu. Cəmiyyətdə də dövlət çevrilişinə cəhd göstərənlərə qarşı nifrət yaranmışdı. 1995-ci il martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr yaşayış massivində yerləşən «OMON» çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək özlərini eyni cəbhənin üzvləri hesab edən döyüşçülər üz-üzə dayandılar. Torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi çətin vaxtda ölkə daxilində belə gərginliyi yaratmaqla müstəqilliyimizə təhlükə yaradan qüvvələr unutdular ki, artıq Azərbaycana AXC-Müsavat cütlüyü kimi səriştəsizlər deyil, dünya şöhrətli siyasətçi, dövlət xadimi, müdrik insan Heydər Əliyev başçılıq edir. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri baş tutmadı. Nəticədə 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşı həlak oldu, 105 nəfər yaralandı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi. Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti ilə müstəqilliyimizə, həmçinin dövlət çevrilişinə qəsdin qarşısı alındı.
1995-ci ilin mart hadisələri Azərbaycan xalqının müstəqillik yolunda apardığı mübarizənin növbəti sınağı kimi tarixə yazıldı. Azərbaycan xalqı hakimiyyəti zəbt etmək üçün yalan vədlər verən simasızların əsl məqsədlərini anladı. Bütün dünya azərbaycanlıları əmin oldular ki, ümummilli lider Heydər Əliyev kimi lideri olan xalqın taleyinə yazılan qaliblik şansını heç kim əlindən ala bilməz. Ulu Öndər kimi dahini hakimiyyətə dəvət etməklə gələcəyini, Azərbaycanın müstəqilliyinin əbədiliyini qoruyan xalq Prezident İlham Əliyevin ətrafında birləşməklə də Ulu Öndərin ideyalarının davamına sadiqliyini göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızın 44 gündə azad olnması Ulu Öndərin arzularının gerçəkləşməsi idi.
Bu gün də Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyinə qısqanclıqla baxan dairələr xarici ölkələrdə məskunlaşan antimilli qüvvələrdən istifadə edərək ölkəmizə qarşı təxribatlar törədir, Cənubi Qafqazda gərginlik yaratmaq, Azərbaycanla Ermənistan arasında daimi sülhün imzalanmasına mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər. Son günlərdə Avropa Parlamentində iqtisadi qüdrəti, siyasi nüfuzu güclənən, sivilizasiyalararası məkan kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycana təzyiqlərin artması, İranın təxribatları, ölkəmizin dünyada möhkəmlənən mövqeyinə kölgə salmaq çirkin niyyətlərdən qaynaqlanır. Amma belə dairələr unudurlar ki, Azərbaycanın daxili və xarici siyasəti 1990-cı illərdəki kimi kövrək deyil. Ölkəmizi düşünülmüş siyasəti ilə daha da möhkəmləndirən dünya şöhrətli, həmkarlarının belə dövlətçilik təcrübəsinə ehtiyac duyduğu, müstəqilliyimizi kənar müdaxilələrdən qətiyyətlə qoruyan Prezident İlham Əliyev kimi lideri var.
Xuraman İsmayılqızı, «İki sahil»