16 mart 2023 23:54
714

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

1993-cü il oktyabrın 26-da İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani Azərbaycana rəsmi səfərə gəldi. İran Prezidenti Təzəpir məscidində namazdan sonra möminlər qarşısında çıxış edərək dedi: “Biz təcavüzkarın tezliklə öz cəzasına çatacağına, ərazi bütövlüyünüz və müstəqilliyiniz yolunda verdiyiniz şəhidlərin ruhunun sakit uyuyacağına, qaçqınların yaxın vaxtlarda öz evlərinə dönəcəklərinə inanırıq”.

İran və Azərbaycan prezidentləri “Azərneftyağ” zavodunda son tamamlama işləri aparılan ELOU-AVT-2 qurğusuna baxdılar. Sonra isə zavod əməkçiləri qarşısında çıxış etdilər. Hər iki ölkənin prezidentinin Respublika Elmlər Akademiyası Rəyasət Heyətinin iclas salonunda Azərbaycan ziyalıları ilə görüşü də maraqla qarşılandı, Rəfsəncani Akademiyanın Fəxri üzvü seçildi.

Xarici ölkə prezidentinin müstəqil Azərbaycan Respublikasına səfəri bizim üçün ilk təcrübə olduğuna görə müəyyən çətinliklər yaratsa da, biz bu barədə materialların hazırlanması üçün üzərimizə düşən işin öhdəsindən gələ bildik. Hiss etdik ki, ölkə rəhbərliyi də hazırlanıb yayılan materiallardan razı qalıb. Amma təəssüf ki, çox keçmədən qonşu ölkənin bizə dost münasibətinin heç də səmimi olmadığı üzə çıxdı. Bir qədər sonra bununla bağlı bir faktı diqqətə çatdıracağam. Hələlik isə 1993-cü ilin noyabrında və dekabrın əvvəllərindəki tədbirlərin bəzilərinin heç olmasa adlarını çəkməyi lazım bilirəm. Çünki Heydər Əliyevin keçirdiyi bütün tədbirlər haqqında materiallar AZƏRTAC-ın əməkdaşları tərəfindən gecə-gündüz, istirahətin nə olduğu bilmədən, amma hər birimizin müqəddəs borcu olduğuna qəlbən inanaraq sevə-sevə hazırlanıb yayılırdı. Hamı gecə səhərə qədər işləsə də, heç vaxt yoruldum demirdi, qaş-qabaq tökmürdü. Çünki nəinki agentliyin əməkdaşlarının, Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti ürəkdən gələn bir sevgi idi. Ona görə də iş nə qədər çox olsa da, heç kim yorğunluq nə olduğunu bilmirdi.

Məsələn, 1993-cü ilin noyabrındakı bəzi hadisələrə, görüş və çıxışlara ötəri də olsa, nəzər salaq:

2 noyabr – Millli televiziya və radio ilə xalqa müraciət.

4 noyabr – Keçmiş beynəlmiləlçi döyüşçülərlə görüş.

5 noyabr – Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxış.

17 noyabr – Azərbaycanın siyasi partiyalarının və ictimai hərəkatların rəhbərləri ilə görüş.

19 noyabr - Bank maliyyə, tədiyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə və onu yaxşılaşdırmaq sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsində çıxış.

24 noyabr – Respublikanın sosial-iqtisadi problemlərinə həsr olunmuş müşavirədə çıxış.

Ümumiyyətlə, Heydər Əliyevin keçirdiyi tədbirlər haqqında daha ətraflı məlumatlar almaq istəyənlər “Müstəqilliyimiz əbədidir” çoxcildliyini vərəqləyə bilərlər. Fəxrlə deyə bilərəm ki, Azərnəşr tərəfindən nəşr olunan çoxcildlikdə AZƏRTAC-ın mətbuat üçün hazırlanaraq yaydığı  bütün materiallar toplanıb.

Əsas məsələ odur ki, həyat keçirilən tədbirlər, görülən işlər öz nəticəsini verməyə başlayırdı. Cəmi bir neçə ay ərzində yenidən qurulan, təşkil edilən milli ordumuz 1993-cü il dekabrın əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələrinə elə bir dərs verdi ki, bu ağır zərbədən çaş-baş qalan erməni əsgərləri hətta silahlarını atıb qaçmağa məcbur oldular. Qısa müddətdə Azərbaycan Ordusu 30 kilometr ərazimizi düşməndən təmizlədi, daha sonra 22 kənd və Horadiz qəsəbəsi azad olundu. Ermənilər öz xislətlərinə uyğun olaraq yalvarmağa, onların dünyanın bir çox ölkələrindəki havadarları haray-həşir qoparmağa başladılar. Xahiş, minnət ara vermədi ki, təki hücum dayansın, atəşkəs elan olunsun.

Səhv etmirəmsə, cəmi iki ayda - 1993-cü ilin dekabrında və 1994-cü ilin yanvarında ermənilərin dörd mindən çox əsgər və zabiti, xeyli zirehli texnikası məhv edilmişdi. 1993-cü il dekabrın 11-də Azərbaycan Prezidenti xüsusi qatarla İmişliyə getdi. Biz oradan Beyləqanda - Haramı düzündə yerləşən hərbi hissələrdən birinə gəldik. Ali Baş Komandan orada ordu komandirlərinin operativ vəziyyət, son günlərdəki uğurlu əməliyyatlar barədə məruzələrini dinlədi, tapşırıqlar verdi, sonra isə cəbhənin ön xəttinə getmək istədiyini bildirdi. Tapşırıq belə oldu ki, oraya çox az sayda adam aparılsın. General Vaqif Axundov və mühafizə xidmətinin əməkdaşları çox qısa vaxtda tərkibi müəyyənləşdirdilər.

Bax, bu gethagetdə bir az əvvəlki görüşdə deyilmiş bəzi fikirlər qəflətən yadımda düşdü, bloknotumu çıxarıb onları qısaca da olsa qeyd etmək istədim. Başımı qaldıranda gördüm ki, minəcəyim maşın aralanıb, özümdən asılı olmadan onun arxasınca qaçdım. Baxdım ki, çatmıram, həyəcanla ora-bura vurnuxdum. Birdən Prezidentin avtomobili yanımda dayandı, general – Aslan, tez ol keç, arxada, Saşanın yanında yer var, orada əyləş, – dedi. Həyəcandan quruyub qaldım. Vaqif Axundov təəccüblə baxdığımı görüb məni tələsdirdi: “özü tapşırıb, tez ol, otur”.

Beləcə, cəbhənin ön xəttinədək Prezidentin avtomobilində getdim. Əlbəttə, bu, mənim üçün unudulmaz bir an idi.

Ali Baş Komandan səngərdə əsgər və zabitlərlə mehribancasına görüşüb hal-əhval tutdu. Onların qayğıları ilə maraqlandı.

Döyüşçülərin əhval-ruhiyyəsi çox yüksək idi. Son günlərdəki uğurlu əməliyyatlar, döyüşdə yaranmış üstünlüklər, bir sıra kəndlərin işğaldan azad edilməsi döyüşçülərdə xüsusi inam yaratmışdı. Ali Baş Komandan Heydər Əliyevin gəlib onlarla görüşməsi isə böyük bir fəxarət idi. Ali Baş Komandanın gənc əsgərlərlə mehriban söhbəti həqiqətən yaddaqalan, çox təsirli anlar idi. Bu maraqlı söhbətlərə hamı böyük həyəcanla, böyük həvəslə diqqət yetirirdi. Hər şeyin çox yaxşı getdyi bir vaxtda qəflətən səngərin üzərindən bir mərmi keçib yaxınlığa düşdü.

Heydər Əliyev top mərmisinin düşdüyü yerə tərəf baxdı, amma əhəmiyyət verməyərək əsgərlərlə söhbətini davam etdirdi. Hərbçilərdən və mühafizəçilərdən bir neçəsi mərminin düşdüyü yerə tərəf qaçdılar, istehkamçılar tez özlərini yetirib partlamayan mərmini qısa vaxtda zərərsizləşdirdilər. Yüksəkrütbəli hərbçilərdən biri yaxınlaşıb Ali Baş Komandana məruzə etdi, bu top mərmisinin İran İslam Respublikasının istehsalı olduğunu bildirdi.

Mən xeyli aralıda olsam da, bu məlumatın Heydər Əliyev üçün xoş olmadığını hiss etdim.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov, o vaxt dövlət müşaviri işləyən Qabil Hüseynli və yüksəkvəzifəli hərbçilər Ali Baş Komandandan lazımi tapşırıqlar alandan sonra biz Ağcabədi, Şəmkir və Gəncədə olduq.

Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin səfərində məqsəd yerlərdə vəziyyətlə tanış olmaq, ölkənin müdafiəsi, qaçqınların yaşayışının lazımi səviyyədə təşkili, orduya səfərbərliyin gedişi, rayonların orduya köməyi, ordunun müdafiə və döyüş imkanlarının artırılması üçün görülən işlərlə yerində tanış olmaq idi.

Prezident Heydər Əliyev qələbəyə inandığını bildirir, təcavüzkara qarşı elliklə mübarizəyə qalxmağa çağırış edirdi: “Qələbəni biz birlikdə etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər kəs əlindən gələn köməyi göstərməlidir. Mən sizi Azərbaycan tarixinin şanlı döyüş ənənələrini və bir çox nəsillərin qəhrəmanlığını xatırlamağa, hamımız üçün rüsvayçı olan məğlubiyyətçilik əhvalı ilə barışmamağa və təcavüzkara qarşı elliklə mübarizəyə qalxmağa, öz doğma diyarının, dövlətinin ərazi bütövlüyünü və müstəqilliyini lazım gələrsə həyatını qurban verərək qorumağa çağırıram.

/ardı var/