09 mart 2025 09:11
219

Suriyada toqquşmalarda azı 532 mülki şəxs həlak olub

Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.