Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ölkəmizə rəsmi səfərə gəldi. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri oldu. Münasibətlərimizin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradan mətbuata bəyanatda dövlət başçısı İlham Əliyev “Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, Siz COP29 konfransında da fəal iştirak etmisiniz və konfransın uğurla keçirilməsinə öz töhfənizi vermisiniz. Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur” söyləyərək iki ölkə arasında əlaqələrin inkişafında tərəflərin maraqlı olduğunu və bunu səfərlərin dinamikliyini artırmaqla sübut etdiklərini diqqətə çatdırdı.
Qeyd edək ki, qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Şimali Makedoniya arasında energetika sahəsində əməkdaşlığa diqqəti yönəldərək vurğuladı ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir.
Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Şimali Makedoniya Prezidenti “Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq” söyləyərək ölkəsinin əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Göründüyü kimi, səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə bir daha işıq saldı. Bütün bunlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri