13 mart 2025 15:50
102

Macarıstan ŞƏRT QOYDU: Ya Fridman, ya da...

Macarıstan Avropa İttifaqını təhdid edib ki, biznesmen Mixail Fridman sanksiya siyahısından çıxarılmasa, 2000-ə yaxın rusiyalıya qarşı sanksiyaların uzadılmasını dəstəkləməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə “Financial Times” öz mənbələrinə istinadla məlumat yayıb.

Tətbiq edilən məhdudiyyətlər martın 15-də başa çatır. Aİ səfirləri bir neçə günlük danışıqlardan sonra heç bir nəticə əldə etməyiblər. Bu gün  onlar Brüsseldə yenidən bir araya gələcəklər. Nəşr qeyd edir ki, Lüksemburq Macarıstanın Fridmana qarşı sanksiyaları ləğv etmək səylərini dəstəkləyir.

Avropa İttifaqı 2022-ci ilin aprelində Alfa Qrupunun təsisçiləri Mixail Fridman və Petr Avenə qarşı sanksiyalar tətbiq edib. Qərar onların Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə izah edilib.

Aİ qanunvericiliyinə görə, sanksiyalara iki yolla etiraz edilə bilər: Aİ Şurasına müraciət etməklə və ya Aİ Baş Məhkəməsinə iddia ərizəsi ilə. Fridmanın vəkilləri hər iki yanaşmanı sınayıblar. 2024-cü ilin aprelində iş adamı bəzi məhdudiyyətlərin qeyri-qanuni elan edilməsinə nail olub. Avropa Ədalət Məhkəməsi 2022-ci ilin fevralında ona qarşı tətbiq edilən sanksiyaların ləğvi barədə qərar çıxarsa da, 2023-cü ilin martında Aİ Şurasının tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayıb.