14 mart 2025 14:42
100

Azərbaycanda mineral gübrələrin səyyar satışına başlanılıb - FOTO

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC mineral gübrələrin səyyar satışına başlayıb.

"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyəti yeni əkin mövsümü ilə əlaqədar olaraq bütün anbarlarını tələb olunan lazımi mineral gübrələrlə tam təchiz edib, fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə, həm rayon bölmələri, həm də səyyar xidmət təşkil etməklə təmin etməyi planlaşdırır.

Müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli, mövsümə uyğun azotlu mineral gübrələr rayon mərkəzindən uzaq məsafədəki kənd və qəsəbələrdə satılır. Səyyar satış xidmətləri mövsüm bitənə qədər hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Bütün regionları əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos kimi mineral gübrələrin satışı həyata keçirilir.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini səhmdar cəmiyyətinin 1659 Satış Mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Mürəciətlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.

Səyyar satış zamanı fermerlər “Fermer kartı”nı və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nəğd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər “Fermer kartı”, istərsə də nağd ödəniş edildikdə gübrələrin qiyməti dəyişmir. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq “Aqroservis” ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır.