17 mart 2025 19:49
97

Qlobal geosiyasi dəyişikliklər və Azərbaycanın rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib. Müsahibənin bir hissəsi martın 14-də yayımlanıb və artıq tam versiyası ictimaiyyətə təqdim olunub. Dövlət başçısı müsahibə zamanı forumun əhəmiyyətindən, qlobal və regional geosiyasi dəyişikliklərdən, Azərbaycanın mövqeyindən və gələcək perspektivlərdən danışıb.

Prezident İlham Əliyev Qlobal Bakı Forumunun 12 ildir uğurla təşkil edildiyini vurğulayaraq, builki forumun da mühüm müzakirələrə ev sahibliyi edəcəyini bildirib. Dövlət başçısı tədbirin iştirakçı tərkibinə diqqət çəkərək, burada 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarının iştirak etdiyini qeyd edib. O, forumda müxtəlif baxışların səsləndiyini və bu fikir müxtəlifliyinin beynəlxalq məsələlərə yanaşmada mühüm rol oynadığını bildirib.

Builki forumun əsas mövzusunun “Dünya düzəninin yenidən düşünülməsi” olduğunu xatırladan Prezident İlham Əliyev hazırda yeni qlobal qaydaların müəyyənləşdirilməkdə olduğunu vurğulayıb. O, mövcud dünya nizamının artıq keçmişdə qaldığını və ölkələrin beynəlxalq hüquqa və yardıma deyil, daha çox daxili resurslarına güvənməli olduğunu bildirib. Azərbaycan da beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğu üçün daxili imkanlarına arxalanaraq uğurlu inkişaf modeli qurub.

Dövlət başçısı, həmçinin gələcəkdə beynəlxalq təsisatların zəifləyəcəyini və dövlətlərarası münasibətlərin daha çox ikitərəfli formatda inkişaf edəcəyini qeyd edib. Onun fikrincə, bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətindədir.

Prezident İlham Əliyev regionda baş verən geosiyasi proseslərə toxunaraq, Cənubi Qafqazın uzun müddət qarşıdurmalar və münaqişələr məkanı olduğunu xatırladıb. O, hazırda regionda nisbətən sabitlik yarandığını və bunun qorunmasının vacib olduğunu vurğulayıb. Dövlət başçısı bölgədə yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının və qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülh sazişi imzalanmayıb. O bildirib ki, sülh müqaviləsi olmadan tam sabitlik mümkün deyil.

Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklərə də toxunaraq, hər bir ölkənin öz taleyinin sahibi olması lazım olduğunu bildirib. O, Azərbaycanın heç bir beynəlxalq təşkilata və xarici yardıma arxalanmadığını, öz resurslarına güvənərək ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, dünyada münaqişələrin sayı artmaqdadır və əgər həllini tapmış bir münaqişə nümunəsi axtarsaq, yalnız Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunduğunu görə bilərik.

Dövlət başçısı gələcəkdə qlobal sabitliyin bərqərar olacağına dair nikbin olmadığını bildirib. O, Rusiya-Ukrayna müharibəsinin dayansa belə, müharibənin yenidən başlama ehtimalının mövcud olduğunu qeyd edib. Eyni zamanda, Yaxın Şərq və Afrikadakı münaqişələrin artmasının qlobal sabitliyə ciddi təsir göstərdiyini vurğulayıb.

Müsahibə zamanı Prezident İlham Əliyev ABŞ-ın yeni administrasiyasının siyasətinə də toxunaraq, Vaşinqtonda baş verən hadisələrin bütün dünya üçün geosiyasi dəyişikliyin mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan əvvəlki administrasiya dövründə ABŞ ilə münasibətlərinin pisləşməsindən məyus olmuşdu, lakin Tramp administrasiyası dövründə bu münasibətlərin yenidən qurulmasına ümid edir.

Sonda dövlət başçısı Qlobal Bakı Forumunun ideya mübadiləsi üçün mühüm bir platforma olduğunu vurğulayaraq, forumda müxtəlif baxışların toqquşmasının tədbiri uğurlu etdiyini qeyd edib.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın regional və qlobal məsələlərə baxışını ortaya qoyur. Dövlət başçısı Azərbaycanın müstəqil və öz resurslarına güvənən siyasət yürütdüyünü, Cənubi Qafqazda uzunmüddətli sabitliyin yalnız sülh müqaviləsi ilə mümkün ola biləcəyini, eyni zamanda, qlobal nizamın yenidən formalaşdığını vurğulayıb. Bu mövqelər Azərbaycanın gələcək strateji istiqamətlərini müəyyənləşdirir və dünya birliyi üçün vacib bir mesajdır.

Azər Süleymanov, 
YAP Nəsimi rayon təşkilatının sədri