17 mart 2025 20:44
100

Ceyhun Bayramov: ATƏT-in artıq aktual olmayan Minsk qrupunun ləğvi vacibdir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.

“İki sahil” xəbər verir ki, C.Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzu edib.

İslam dünyasını bir-birinə bağlayan by müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Bununla belə, dünyamızda İslam dininə qarşı çevrilən diskriminasiya, dini zəmində zorakılıq halları, İslamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Nazir, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması, keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamik inkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini yad edib.

Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir çıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaydanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini, eləcə də bu mübarək ayda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından şərəf duyduğunu diqqətə çatdırıb.

Sonra isə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.