18 mart 2025 11:07
112

Türk İnteqrasiya Olimpiadası ilə bağlı mühüm anlaşma - TİO 2026-cı ildə Ankarada keçiriləcək

Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası (TİO) gələn il Türkiyənin Ankara şəhərində təşkil ediləcək.

Bu barədə “İki sahil”ə təşkilatçılardan məlumat daxil olub.

Məlumatda deyilir ki, Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan Nəsibə Aydın məktəblərinin sahibi və Direktoru Mirkan Aydın, rəhbərlik etdiyi heyət ilə Bakıda səfərdə olub. Bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüş keçirilib və qonaqlar Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş zamanı, Nəsibə Aydın məktəbləri ilə Hədəf Liseyi arasında qardaş məktəblər memorandumu imzalanıb. 
Məlumata əsasən, tərəflər həmçinin, Hədəf Liseyinin təşkilatçılığı ilə keçirilən Türk İnteqrasiya Olimpiadasında Nəsibə Aydın Məktəblərinin tərəfdaş olaraq iştirakı və 2026-cı ildə Ankarada keçiriləcək TİO-nun birgə təşkil edilməsi ilə bağlı da razılığa gəliblər.

Xatırladaq ki, bu ilin Bakıda  İkinci Türk İnteqrasiya Olimpiadası keçiriləcək.Qeyd edək ki, Olimpiada iki mərhələdə baş tutacaq:
Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək. Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.

Hazırda İştirakçıların qeydiyyatı davam edir. 13-16 yaş arası Azərbaycanlı məktəblilər, bu (https://forms.gle/LXzqNfYZEmks4vD89) linki istifadə edərək 6 apreldə keçiriləcək birinci turda iştirak edə bilərlər. Bu il keçiriləcək olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın məktəbin iştirak etməsi gözlənilir.