Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.
Bugün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil. Bir çox işlərimizin həll olunması, ən son baş verən informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir.
Digər müasir texnoloji anlayışlar kimi sosial şəbəkələrin də həm üstünlükləri, həm də yaratdığı çətinliklər vardır.
Sosial şəbəkələrin bir sıra üstünlükləri vardır. Aktiv sosial şəbəkə istifadəçiləri üçün sosial medya yeni insanları və topluluqları tanımaq üçün ideal vasitədir. Digər üstünlüklərindən biri də dünyanın hansı nöqəsində olmasından asılı olmayaraq dost, yaxın insanlar, ailə üzvləri ilə rahat əlaqə yaratmaq imkanını təqdim edir. O cümlədən öz fəaliyyətini, yaradıcılıq işlərini ən qısa zamanda və az xərclə tanıtmaq üçün sosial şəbəkələr ən unikal metoddur.
Gördüyümüz kimi, sosial şəbəkələr bizlərə bir çox üstünlüklər təqdim etməkdədir, lakin hər sahədə olduğu kimi sosial şəbəkələrdən də normadan çox istifadə bir sıra fiziki və psixoloji fəsadlarla nəticələnə bilir. Mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur, özüdə bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edir. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar.
Bəzən hər hansısa bir məsələ ilə bağlı sosial şəbəkələrə daxil oluruq, lakin özümüz də fərqinə varmadan sosial şəbəkələrdə uzun müddət keçiririk. Odur ki, orada vaxtımızı daha səmərəli keçirmək üçün sosial mediaya sadəcə vaxt keçirmək üçün yox, öyrənmək, ünsiyyət qurmaq və inkişaf etmək üçün daxil olmalı, sizi inkişaf etdirən səhifələrə və qruplara üzv olmalı, paylaşımlar edərkən diqqət etməliyik.
Digər tərəfdən sosial şəbəkələrin təsirini minimumlaşdırmaq üçün aşağıda qeyd etdiyim məqamlara fikir vermək tövsiyə olunur:
İstifadə müddətini məhdudlaşdırın – Gündə neçə saat sosial şəbəkədə olduğunuzu izləyin və özünüzə limit qoyun. (Məsələn, 1-2 saat)
Faydalı məzmunlara üstünlük verin – Təhsil verən, inkişaf etdirən və motivasiya edən səhifələri izləyin.
Real həyatda sosiallaşın – Ailə və dostlarla üz-üzə görüşməyə daha çox vaxt ayırın.
Neqativ kontentdən uzaq durun – Sizi narahat edən və mənfi düşüncələrə səbəb olan səhifələri izləməyin.
Sosial şəbəkə detoksu edin – Həftədə və ya ayda bir dəfə sosial mediadan fasilə götürərək, real həyatınıza daha çox fokuslanın.
Sosial şəbəkələrin insanlara ünsiyyəti asanlaşdırması bir tərəfdən faydalıdır, lakin digər tərəfdən real münasibətləri zəiflədə bilər. Onlayn mesajlaşmalar, emoji və reaksiyalar real duyğuları tam əks etdirmir. İnsanlar dərin emosional bağlar qurmaq əvəzinə, qısa və səthi əlaqələrlə kifayətlənir. İnsanlar sosial şəbəkələrdə uzun-uzadı danışsa da, real həyatda ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Göz təması, bədən dili və emosional ifadələr azaldıqca, empatiya və anlayış da azalır.
İnsanlar virtual əlaqələrlə kifayətlənib, real həyatda görüşməyə və sosiallaşmağa ehtiyac hiss etməyə bilərlər. Bu da tədricən insanları təkliyə sürükləyə bilər. Sosial şəbəkələrdə tez-tez ünsiyyət qurmaq insanları “əvəzolunan” hiss etdirə bilər. Bir münasibət zəiflədikdə, insanlar dərhal yeni birini tapmağa çalışır, bu da uzunmüddətli və dərin bağların formalaşmasına mane olur.
Digər tərəfdən insanlar sosial mediada başqalarının həyatını mükəmməl görüb, öz həyatlarını qeyri-kafi hesab edə bilərlər. Bu da münasibətlərdə narazılığa və gərginliyə səbəb ola bilər.
Fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkələrdə daha az və faydalı şəkildə keçirməli, real ünsiyyətdən qaçmamalı, ailəniz, yaxınlarınızla bacardıqca çox və səmərəli vaxt keçirməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.
Təranə Paşayeva,
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri,
Psixologiya üzrə fəlsəfə doktoru