19 mart 2025 16:40
198

Azərbaycan-ABŞ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib - YENİLƏNİB

Energetika naziri Pərviz Şahbazovla ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara arasında görüş olub.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfələrindən bəhs edilib. Azərbaycanın neft-qaz və bərpa olunan enerji sahələrində beynəlxalq əhəmiyyətli layihələri və təşəbbüsləri çərçivəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanın enerji balansında müxtəlifliyi və enerji tədarükündə geniş diversifikasiyanı təmin edən bərpa olunan enerji kursu barədə məlumat verilib. “Yaşıl enerji”nin inkişaf planının daxili tələbatın ödənilməsini və bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə payının 33%-ə yüksəldilməsini ehtiva edən birinci mərhələsinin yekunlaşmaq üzrə olduğu bildirilib. Hazırda şəbəkənin gücləndirilməsi istiqamətində tədbirlərin görüldüyü, həmçinin əlavə bərpa olunan enerji güclərinin yaradılması ilə bağlı yeni layihələrin də nəzərdən keçirildiyi qeyd olunub. Eyni zamanda, Türkiyə, Avropa və Mərkəzi Asiya ilə “yaşıl enerji” interkonnektorları layhələrinin həyata keçirilməsindən bəhs edilib və bu infrastrukturlarla Avropaya “təmiz enerji” mənbələrindən təchizatın əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası ilə bağlı da fikir mübadiləsi aparılıb.

***

Azərbaycanla ABŞ arasında uzunmüddətli enerji tərəfdaşlığının genişləndirilməsi perspektivləri dəyərləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə enerji əməkdaşlığının inkişafını müzakirə etdik. Uzunmüddətli enerji tərəfdaşlığımızın genişləndirilməsi perspektivlərini, həmçinin Azərbaycanın iştirakı ilə müxtəlif marşrutlar, mənbələri əhatə edən Yaşıl Enerji interkonnektorları layihələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və regionlararası əlaqələrin gücləndirilməsini təşviq edən əhəmiyyətini dəyərləndirdik”, - deyə paylaşımda qeyd edilib.