Aprelin 7-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) inzibati binasında Azərbaycan Güləş Federasiyası arasında rəsmi görüş baş tutub.
“İki sahil” xəbər verir ki, görüşdə AHİTA İB-nin direktoru Tural Qasımov, Azərbaycan Güləş Federasiyasının nümayəndə heyəti və hər iki qurumun aidiyyəti şəxsləri iştirak ediblər. Tərəflər arasında görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və idmanın inkişafı sahəsində birgə fəaliyyət imkanlarının dəyərləndirilməsi olub.
Görüş zamanı güləş idman növünün təşviqi, peşəkar və həvəskar idmançılar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də regionlarda birgə idman tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, idman sahəsində sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana cəlb olunması və federasiya ilə mövcud əməkdaşlıq potensialının daha səmərəli təşkil olunması barədə fikir mübadiləsi aparılıb.