Aprelin 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki komissiyasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda İctimai şuraya seçkilərin təşkili, şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və seçki gününün təyin edilməsi məsələləri müzakirə edilib.
Dövlət Komitəsinin aparat rəhbəri, Seçki komissiyasının sədri Ceyran Rəhmətullayeva Komissiya üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirilib ki, 7 fevral - 19 mart 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı elan edilib və ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki komissiyasının üzvlərinə təqdim edilib. Daha sonra Komissiya üzvləri çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Yekunda Seçki komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 7 nəfərdən ibarət tərkibdə müəyyən edilib. İclas zamanı İctimai şuraya seçki gününün 24 aprel 2025-ci il tarixinə təyin edilməsi qərara alınıb. Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 15 nəfərin namizədliyi təsdiq edilib. Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin siyahısı Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:
- səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
- səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.
Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər qeyd olunan sənədləri 2025-ci il 8 aprel- 23 aprel tarixləri arasında (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına ([email protected]) göndərə bilər.
Səsvermədə hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 24 aprel 2025-ci il tarixində saat 10:00-dan – 16:00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Neftçilər prospekti, 44) keçiriləcək.