15 aprel 2025 12:18
477

Bir imza ilə dəyişən həyat

ABŞ-da kitabının imza gününə heç kimin qatılmadığı yazara dəstək olmaq istəyən 4 yaşlı qız yazıçının kitabının  dünya bestselleri siyahısına daxil olmasına səbəb olub.

ABŞ-ın Wilkes-Barre şəhərində işini itirdikdən sonra kitab yazan Conatan Stenli kitabını tanıtmaq üçün yer icarəyə götürüb. Onun "Purposeful Performance" (Məqsədli Performans) adlı kitabına isə yalnız bir neçə nəfər maraq göstərib. Qızı ilə orada alış-veriş edən Dinelli adlı qadın bu vəziyyəti görüb. O, bir müddət Stenlini müşahidə etməyə başlayıb.

Onun 4 yaşlı qızı Ella da anasından bu adamın niyə tək oturduğunu soruşmağa başlayıb. "O, oturub insanlara yazdığı kitabdan danışır" deyə anası cavab verib. Ella özü gedib onunla danışmaq istəyib. Stenliyə suallar verdikdən sonra o, "Kitab yazmağınız çox gözəldir. Mən də kitab yazmaq istəyirəm" deyib. Ana bu anları lentə alıb.

Orada yazıçı ilə dost olublar. Daha sonra kitabı imzalatdırıblar. Müəllif  kitabın içərisinə “Bu həyatda verə biləcəyin ən böyük hədiyyə sənsən, Ella” qeydini yazıb. Bu anları TikTok-a yükləyən Dinelli axşam hesabını yoxlayanda gözlərinə inanmayıb. Həmin axşam 800 min dəfə izlənilən video bir neçə gün ərzində 80 milyon baxışı keçib.

Müəllif elə böyük marağa səbəb olub ki, onun kitabı “Ən çox satılanlar” siyahısında yer alıb. Müəllifin sosial media səhifəsi də bir gündə 208 min izləyici toplayıb. Stenli, Ella və anası ilə televiziya proqramlarında qonağ olub. "Qızım kiçik bir xeyirxahlığın kiminsə həyatını nə qədər dəyişə biləcəyini gördü. Bu, heyrətamiz hissdir", - Dinelli deyib.

Vüsal Cahanov, “İki sahil”