«Parçalanan düyada diplomatiyaya sahib çıxmaq» mövzusuna həsr olunmuş Antalya Diplomatiya Forumu beynəlxalq hadisələrə növbəti baxış idi
Bakıda «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumunun davamı kimi dəyərləndirilən IV Antalya Diplomatiya Forumu (ADF2025) türk dünyasının möhkəmlənən mövqeyinin ifadəsi kimi diqqət çəkdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən «Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq» mövzusuna həsr olunmuş ADF2025 forumunda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının, ümumilikdə dörd mindən çox qonağın iştirakı tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisi idi.
Üç gün davam edən tədbirdə dünya siyasətinin gündəmində aktuallığı ilə seçilən, müxtəlif coğrafiyaları əhatə edən məsələlərin müzakirəsi, problemlərin həlli yollarının birgə axtarılması, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal hadisələri əhatə edən, ümumilikdə 50-dən artıq sessiya və panellərin təşkili Forumun əhəmiyyətini daha da artırmışdı. Getdikcə qloballaşan dünya siyasətində rolu artan liderlərin, siyasətçilərin, alimlərin, tanınmış şirkət sahiblərinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığı şəraitində davam edən tədbirdə müzakirə olunan məsələlərin əhatə dairəsi böyük olduğu üçün beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlar ciddi mahiyyət daşıyan hədəflərin həlli yollarına yönəlmişdi.
Daha çox regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, Afrikanın dünya siyasətində artan rolu, Türk Dövlətləri Təşkilatının unikal modelinin təbliği, təhsil, iqlim diplomatiyasına, enerji təhlükəsizliyinin təminatına və nəqliyyat infrstrukturunun genilənməsinə həsr olunmuş çıxışlarda qlobal problemlərin həlli yolları göstərilmişdi.
Forumda daha çox diqqətçəkən, dövrün çağırışı olan, insan ölümləri, dağıntılarla müşaiyət olunan və hazırda davam edən müharibələrin dayandırılması tələbi demək olar ki, bütün çağırışlarda əsas amil kimi səsləndirildi. Müasir dövrümüzün əsas problemi olan enerji təhlükəsizliyinin təminatında, nəqliyyat infrastrukturunun yenilənməsində, Orta Dəhliz layihəsinin gerçəkləşməsində xüsusi rolu olan Cənubi Qafqazda sabitliyin bərpası bu Forumda da əsas məsələ kimi gündəmdə oldu. Regional əməkdaşlıq üçün geniş imkanlara malik. geosiyasi əhəmiyyəti ilə seçilən bu bölgənin dünya siyasətinə təsir imkanları geniş təhlil olundu, Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada mövcud qlobal vəziyətdən çıxış yolları göstərildi və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələrə geniş yer verildi. Dünya siyasətinin gündəmini əhatə edən ADF2025 növbəti dəfə kütləviliyi, müzakirə olunan məsələlərin aktuallığı, beynəlxalq əhəmiyyəti ilə seçildi. Ən çox nümayəndə ilə təmsil olunan Azərbaycan heyətinin keçirdiyi görüşlər, sessiyalarda fəallığı diqqətçəkən məqamlardan idi. Prezident İlham Əliyevin türkiyəli həmkarı Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşündə beynəlxalq, regional məsələlər, eyni zamanda, türk dünyasının həmrəyliyinin gücləndirilməsi ilə bağlı perspektivlər müzakirə olundu. Dövlət başçımız İlham Əliyevin Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse ilə görüşündə ölkəmizdə keçirilən COP29-un əhəmiyyəti vurğulandı. Həmin tədbirdə iştirakını məmnunluqla xatırlayan Alen Berse qlobal iqlim gündəliyi ilə bağlı Azərbaycanda qəbul olunan vacib qərarları yükmək dəyərləndirdi. Azərbaycanla Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin Forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü də maraqlı müzakirələrlə yaddaqalan olub. Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirən, qanlı Əsəd rejiminin süqutundan sonra Azərbaycan nümayəndə heyətinin Suriyaya səfərindən söz açan dövlət başçımız məlum səbəblərdən uzun zaman fəaliyyət göstərməyən ölkəmizin Suriyadakı səfirliyinin fəaliyyətinin bərpasını yüksək dəyərləndirib. Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu qeyd edilib. Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirməklə gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində ölkəmizlə əməkdaşlığın vacibliyini qeyd edib. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Ölkələr arasında yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Dövlət başçımızın Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşündə Şimali Kipr liderinin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb. Şimalı Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılması türk birliyinin möhkəmlənməsinə töhfə kimi dəyərləndirilib.
Prezident İlham Əliyevin Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdə regional məsələlər ətrafında müzakirələr aparılıb, hər iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olunub. İki ölkə rəsmiləri arasında keçirilən görüşdə iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxunulub. İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla, məmnunluqla qarşılandığını bildirib. Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü hadisələr şəraitində Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz bölgə ölkələri tərəfindən həllinin vacibliyini qeyd etməsi Ermənistana və havadarlarına da meaj idi. Ümumiyyətlə, dövlət başçımızın keçirdiyi ikitərəfli görüşlərin hər biri dünyada mövqeyi möhkəmlənən Azərbaycana artan marağın ifadəsi idi.
Forum sərçivəsində keçirilən «Cənubi Qafqazda regional əməkdaşlıq: Gərginliklər və imkanlar» panelində bir araya gələn Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin görüşü daha çox diqqəti cəlb edib. Cənubi Qafqazdakı mövcud vəziyyətin müzakirəsinə, regional əməkdaşlığın bərpasına yönələn danışıqlarda bölgədə sabitliyin bərpasına mane olan problemlər ətraflı müzakirə olunub. Tərəflər arasında sülh sazişinin imzalanması məsələsinə havadarlarının göstərişləri baxımından münasibət bildirən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan fərqli olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu məsələyə movcud vəziyyəti ətraflı təhlil edərək açıqlıq gətirməsi növbəti dəfə ölkəmizin diplomatiyasının daha çox beynəlxalq hüquq normalarına uyğun olduğunu göstərib. Həmişə havadarları tərəfindən dəstəklənən Ermənistanın xarici işlər nazirinin Antalya Forumundakı məkrli gedişi uğursuzluqla nəticələndi. Paneldə ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların aradan qaldırılması, Minsk qrupunun ləğvi ilə bağlı gözləntilər, Cənubi Qafqazda inkişaf perspektivləri, Azərbaycanın dünyada və bölgədə artan rolu, möhkəmlənən mövqeyi bir daha təsdiqlənib.
Antalya Diplomatiya Forumu çərçivəsində «Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü» adlı paneldə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər. Tədbirdən əvvəl Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəalları tərəfindən təşkil olunmuş stendlə tanışlıq qitələr və ölkələr arasındakı mədəni həmrəyliyin gücləndirilməsinə töhfə kimi dəyərləndirilib. Qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs olunaraq bildirilib ki, 55 ölkədə fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır. Xüsusilə müharibələrin artdığı müasir dövrümüzdə təhsilin ölkələrarası diplomatik münasibətlərin əsasını təşkil etməsi bu tədbirdə də təsdiqlənib.
Ümumiyyətlə, Forum parçalanmış dünyada çoxtərəfliliyin gücləndirilməsi, Suriyada sabitliyin bərpası, Balkan yarımadası ölkələrində firavan gələcəyə təsir edən cari dəyişiklik dinamikası ilə bağlı müzakirələrin keçirilməsi dünya nizamının tarazlanması baxımından böyük əhəmiyyəti ilə seçildi.
Xuraman İsmayılqızı, «İki sahil»