16 aprel 2025 09:51
86

Dohada “ICAO 2025 FALC” Konfransı keçirilir

Qətərin paytaxtı Dohada Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) “Rəsmiyyətin sadələşdirilməsi Konfransı” (FALC 2025) keçirilir.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, Qətər Mülki Aviasiya Təşkilatı və ICAO-nun birgə təşkilatçılığı ilə təşkil olunan konfrans aprelin 17-dək davam edəcək. Tədbirdə 190 ölkədən 120-dən çox nazir və aviasiya qurumlarının rəhbərləri, eləcə də mülki aviasiya sektorunun aparıcı mütəxəssisləri iştirak edir.

“Hava nəqliyyatının gələcəyini asanlaşdırmaq: əməkdaşlıq, səmərəlilik və inklüzivlik” devizi ilə keçirilən konfrans bu sahədə fəaliyyətin sadələşdirilməsi üzrə ən son yenilikləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Konfrans çərçivəsində gömrük prosedurları, sərhəd nəzarəti, qeyri-qanuni miqrasiya, insan alverinə qarşı mübarizə, qaçqın və vətəndaşlığı olmayan şəxslərlə davranış, aviasiya qəzası qurbanlarına və ailələrinə dəstək və innovativ yanaşmalar kimi mövzular müzakirə olunacaq.

Konfransın son günündə “Doha Bəyannaməsi” qəbul ediləcək və beynəlxalq hava nəqliyyatında rəsmiyyətin sadələşdirilməsi üzrə gələcək strategiyalar təsdiqlənəcək.

Yüksək səviyyəli nazirlər görüşündə konfransın strateji istiqamətlər müəyyənləşib və ölkələrin qlobal hava nəqliyyatının asanlaşdırılmasına dair öhdəlikləri yenidən nəzərdən keçirilib.

Qətərin nəqliyyat naziri Şeyx Məhəmməd bin Abdullah bin Məhəmməd Al Tani açılış nitqində qlobal mülki aviasiya sektorunun artan çağırışlarla üzləşdiyi bir dövrdə bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qətər Mülki Aviasiya Təşkilatının rəhbəri vəzifəsini icra edən Məhəmməd Falih əl-Hacri konfransın əsas devizinin (əməkdaşlıq, səmərəlilik və inklüzivlik) sektorun gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, tədbir çərçivəsində keçiriləcək sessiyalar, beynəlxalq əməkdaşlığı gücləndirmək və qlobal hava nəqliyyatını daha dayanıqlı və çevik sistemə çevirmək məqsədi daşıyır.