1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü. Şəhərin özü isə talan edildi və dağıdıldı.
Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi.
Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır.
Əlvan Abbasov
Bakı şəhəri, Xətai Rayonu 263 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi,
YAP Xətai rayon partiya təşkilatının ərazi partiya təşkilatının üzvü