Ümid edirəm ki, gün gələcək ki, Rusiya Dövlət Duması Xocalı faciəsinə diqqət yetirəcək, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq müvafiq qərar verəcək.
“İki sahil” xəbər verir ki, bunu tarix elmləri doktoru, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.
Diplomatın sözlərinə görə, Xocalı faciəsi müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olub. Səfir, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını da xatırladıb: “Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. 18 ölkənin parlamentləri bu cinayəti insanlığa qarşı cinayət kimi pisləyib”.