25 fevral 2025 14:19
285

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycan Dəmir Yollarına birləşdirilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyəti yenidən təşkil edilir.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin “Azərbaycan Dəmir Yolları” QSC-yə qoşulması ilə ADY-nin fəaliyyəti yenidən təşkil edilir. Bu, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədi daşıyır.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Azərbaycan Respublikasının normativ-hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Həmçinin, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ-hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):

- Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.