26 fevral 2025 03:02
329

Siyasi, iqtisadi, hərbi sahələrdə genişlənən əməkdaşlıq - Azərbaycan-Pakistan

Ölkələrimiz arasındakı münasibətlər oxşar tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub

Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan Pakistanın ölkəmizlə səmimi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edən qardaş ölkələr müzakirə olunan məsələlərə eyni mövqedən münasibət bildirirlər. Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüsün, BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən də dəstəklənib. Bu etimadın qarşılığı Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verməsidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi status alması üçün müraciətini dəstəkləyən Pakistan ölkəmizlə əməkdaşlığın genişlənməsi üçün bütün imkanlardan istifadə edir. Astanada «ŞƏT plyus»” Zirvə görüşü çərçivəsində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş tarixi məqamlardan biri idi. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, «Üç qardaş»” devizi altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması, birgə təlimlərin mütəmadi keçirilməsi təklifinin dəstəklənməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünün gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyinə əminlik yaradır.

Qardaş ölkə ilə münasibətlərimizin sarsılmazlığını «Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib» sözləri ilə ifadə edən Prezident İlham Əliyevlə həmrəyliyini «Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik» ifadəsi ilə bildirən Baş nazir Məhəmməd Şahbaz Şərif Pakistanla Azərbaycanı bir bədəndə iki ürək adlandırdı. Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterinin və strateji tərəfdaşlıq münasibətlərinin təzahürüdür.

Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı 30 ildə beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Pakistan 44 gün davam edən İkinci Qarabağ müharibəsində də qardaşlıq yardımını əsirgəməyib. Müharibənin başlandığı ilk gündən qardaş Türkiyə kimi, Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyi ilə bildirən Pakistanla həmərəyliyin ifadəsi tarixi Zəfərini qeyd edən xalqımızın Dövlət Bayrağı ilə birlikdə Türkiyənin, Pakistanın bayraqlarını qoşa dalğalandırması idi.

Prezident İlham Əliyevin ötən ilin iyulun 11-12-də Pakistana dövlət səfəri çərçivəsində keçirilən görüşlər, dövlət başçımızın səmada bu ölkənin qırıcı təyyarələri ilə qarşılanması təsadüf hallarda rast gəlinən səmimi münasibətlərin təzahürü idi. Dövlət başçımız İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari, bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında etibarlı münasibətlərə əsaslanan dostluq əbədiyyət rəmzi kimi diqqətə çatdırıldı.

Bəllidir ki, hər iki ölkə Orta Dəhliz, Şimal-Cənub, Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. İki ölkə arasındakı humanitar sahədə genişlənən əlaqələr xalqlarımızı biri-birinə daha dərindən bağlayır. Pakistanda baş verən təbii fəlakətlər nəticəsində yaranan acınacaqlı vəziyyətlərin aradan qaldırılması üçün Azərbaycanın ayırdığı 9 milyon ABŞ dolları həcmində vəsait qardaş köməyinin ifadəsi idi. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsində, dost ölkədə müxtəlif sosialyönümlü layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Fondun təşəbbüsü və dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, fiziki qüsürlu şəxslər əlil arabaları ilə təmin olunublar. Zəlzələdən zərər çəkmiş Rakistanda qızlar üçün orta məktəb tikilib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Bu cür müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu «Könüllü qadınlar”» təşkilatı və «Daily Times”» qəzeti tərəfindən «Humanizmin Simvolu - 2012-ci İlin Qadını»” mükafatı ilə təltif olunub. Misilsiz xidmətlərinə görə «Hilal-e Pakistan» ali ordeni ilə mükafatlandırılan Mehriban xanım Əliyeva bu təltifə layiq görülən ilk birinci xanımdır.

Fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri iki ölkə arasında möhkəmlənən əməkdaşlığın daha bir təzahürüdür. Səfər çərçivəsində Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatla çıxış edərək bildirdilər ki, iki ölkə arasındakı tərəfdaşlıq dinamik sürətlə davam etdirilir. «İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik» söyləyən, ötən il İslamabada səfərini xatırlayan Prezident İlham Əliyev ikitərəfli ticarət əlaqələrinin inkişafının vacibliyini qeyd edərək bildirdi ki, biz ticarət dövriyyəmizi artırmalıyıq: «Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.»

Danışıqların və mühüm məsələlərə aid imzalanmış razılaşmaların bugünkü görüşlə məhdudlaşmayacağını bildirən Prezident İlham Əliyev vurğuladı ki, imzalanan sənədlər gələcək əməkdaşlıq üçün möhkəm təməldir. Müzakirə olunmuş məsələlər arasında müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusilə diqqət yetirilməsi, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları hərbi sahədə əməkdaşlığı daha da möhkəmləndirəcək.

Azərbaycanın müdafiə səneyisinin müəssisələrində istehsal olunan məhsulların bir çox ölkəyə ixracını diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki. Pakistanla birgə istehsal ilə ixracyönümlü təchizatımız daha da artacaq.

Danışıqlarda diqqət göstərilən daha bir mühüm sahə beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın imkanlarının daha da artırılması, ölkəmizin iştirak etdiyi Şimal-Cənub və ya Şərq-Qərb dəhlizlərinin iqtisadi inkişafının sürətləndirilməsi, siyasi sabitliyin təmin olunması məsələləri oldu.

«Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır» söyləyən dövlət başçımız həyata keçirilən islahatları siyasi iradənin nəticəsi adlandırdı. Fikrini «Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq» sözləri ilə bildirən Prezident İlham Əliyevə minnətdarlığını bildirən Baş nazir Azərbaycanın Pakistanın birgə müəssisələrinə 2 milyard dollar sərmayə yatıracağı ilə bağlı təşəbbüsünü iqtisadi əməkdaşlığın təzahürü adlandırdı. Qarşılıqlı, faydalı investisiyaların hər iki ölkəyə dividend gətirəcəyini əminliklə səsləndirdi: «Çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik.» Əminliklə qeyd olundu ki, tərəflər arasında imzalanmış Anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlər gətirəcək, qarşılıqlı əməkdaşlıq müsbət nəticə verəcək. SOCAR və pakistanlı həmkarlar arasında sıxılmış maye qaz razılaşmasının əlavə 2 il müddətinə uzdılması ilə bağlı razılaşmalar tərəflər arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Müdafiə sahəsində birgə istehsal potensialını yüksək dəyərləndirən Baş nazir Məhəmməd Şahbaz Şərif beynəlxalq dəhlizlərlə bağı infrastruktur layihələrini zamanın tələbi adlandırdı.

Fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda iqtisadi əməkdaşlığın bütün istiqamətləri üzrə önəmli müzakirələr aparıldı. Biznes Forumundakı çıxışında «Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir» söyləyən Prezident İlham Əliyev Azərbaycanın rəsmi İslamabadla enerji sahəsində əməkdaşlıqda da maraqlı olduğunu bildirdi. «Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik» söyləyən Prezident müdafiə sənayesi sahəsində möhkəmlənən əlaqələri gözəl əməkdaşlıq nümunəsi adlandırdı.

Biznes forumu iqtisadi, hərbi əməkdaşlığın istiqamətləndirildiyi platforma kimi dəyərləndirən Pakistanın Baş naziri hər ki dövlətin razılığı ilə bəzi ərzaq məhsullarına tətbiq olunan rüsumların aradan qaldırılması ilə bağlı razılaşmanı ticari əməkdaşlığın möhkəmlənməsinə göstərilən diqqət kimi dəyərləndirdi: «Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.»
Bildirildi ki, Pakistanın Azərbaycanda daimi İnformasiya Məlumat Bürosunun təsis edilməsi təşəbbüsü süni intellekt vasitəsilə də bu ölkə haqqındakı məlumatların operativ əldə olunmasını təmin edəcək.

Xuraman İsmayılqızı, «İki sahil»